CƏMİYYƏT
Vəkillər Kollegiyasının nümayəndə heyəti beynəlxalq konfransda iştirak edib
Bakı, 5 noyabr, AZƏRTAC
Minskdə Belarus Respublikasının Vəkillər Kollegiyası və Rusiya Vəkillərinin Federal Palatası tərəfindən təşkil olunmuş “Dövlət və vəkillik: qarşılıqlı əlaqə yolları” mövzusunda beynəlxalq konfrans keçirilib.
Azərbaycan Respublikasının Vəkillər Kollegiyasından AZƏRTAC-a bildiriblər ki, tədbirdə ölkəmizi kollegiyanın sədri Anar Bağırov və kollegiyanın üzvü, “Kəngərli və Partnyorları” vəkil bürosunun rəhbəri İsmayıl Kəngərli təmsil ediblər.
Konfransda Belarus, Rusiya, Qırğızıstan, Moldova, Latviya, Ukrayna və Gürcüstan Vəkillər kollegiyalarının rəhbərliyi, o cümlədən bir çox ölkələrdən vəkillər, habelə Belarusun ədliyyə nazirinin müavini, Belarus baş prokurorunun müavini iştirak ediblər.
Vəkillər Kollegiyasının sədri Anar Bağırov konfransda “Azərbaycanda vəkillik sahəsində islahatlar: hədəflər” mövzusunda təqdimatla çıxış edib, vəkilliyin inkişafı və nüfuzunun artırılması, bu istiqamətdə görülmüş işlər və planlaşdırılmış tədbirlər, bununla bağlı Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 fevral tarixli Sərəncamının tarixi əhəmiyyəti, Sərəncamda qeyd olunmuş tapşırıq və tövsiyələrin icrası ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verib.
Konfrans çərçivəsində sədr Anar Bağırovun iştirakçı dövlətlərin Vəkillər kollegiyalarının rəhbərləri ilə ikitərəfli görüşləri də keçirilib.
Tədbirdə, həmçinin digər ölkələrin Vəkillər kollegiyalarının rəhbərləri və vəkillərinin müxtəlif mövzularda çıxışları dinlənilib. Sonda tədbir iştirakçılarının şərəfinə ziyafət verilib.