REGİONLAR


Vəkillər Kollegiyasının sədri: Son üç ildə Azərbaycanda vəkillərin sayı 3 dəfə artıb

Şəki, 26 noyabr, Mustafa Dadaşov, AZƏRTAC

Ölkəmizdə məhkəmə-hüquq islahatları uğurla davam edir. Məhkəmə-hüquq sistemi təkmilləşir, müasirləşir. Təbii ki, vəkillik də məhkəmə-hüquq sisteminin vahid komponenti, mühüm bir təsisatı kimi inkişaf edir, böyüyür, vəkillərin sayı artır. Son 3 ildə Azərbaycanda vəkillərin sayı 3 dəfə artıb. Hazırda vəkil qurumlarının sayı 110-a çatır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov Şəkidə keçirilən regional müşavirə zamanı jurnalistlərə müsahibəsində deyib.

“Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci il 22 fevral tarixli Sərəncamında regional məhkəmələrin fəaliyyət göstərdiyi şəhərlərdə, o cümlədən Şəkidə regional vəkil bürosunun fəaliyyəti barədə tapşırığın verildiyini diqqətə çatdıran Vəkillər Kollegiyasının sədri bu gün Şəkidə də belə bir büronun fəaliyyətə başladığını bildirib.

Anar Bağırov qeyd edib ki, regional vəkil bürosunun yaranması və fəaliyyəti dövlət dəstəyi ilə mümkün olub. Büronun yerləşdiyi bina müasir tələblərə uyğun təmir edilib. Şəkidə, həmçinin bu şəhərdəki regional məhkəmələrin yurisdiksiyasında fəaliyyət göstərən 66 vəkil bu büronun xidmətindən istifadə edəcək. Eyni zamanda, vətəndaşların da yüksəkkeyfiyyətli hüquqi yardıma tələbatı və əlçatanlığı təmin olunacaq.

“Bu, çox yaxşı bir nailiyyətdir. Ölkəmizdə bu istiqamətdə işlər bundan sonra da davam edəcək. Digər regionlarla bağlı da belə planlarımız var”, - deyə Anar Bağırov vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.