CƏMİYYƏT
Vəkillər Kollegiyasının üzvləri peşə bayramlarını ahıllarla bir yerdə keçiriblər
Bakı, 30 iyul, AZƏRTAC
Vəkillər Kollegiyası Rəyasət Heyətinin 2018-ci il 19 iyul tarixli qərarı ilə hər il iyulun 30-u Azərbaycan Respublikası vəkillərinin peşə bayramı günü kimi qeyd olunur.
Xalqımızın tarixi keçmişi ilə səsləşən bu ənənəyə sadiqliyin və duyarlı yanaşmanın nəticəsi kimi, 1919-cu il 30 iyul tarixi - Azərbaycan Xalq Cümhuriyyətində Andlı Müvəkkillər Şurasının təşkili və yaradıldığı gün Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə Azərbaycan Respublikası vəkillərinin peşə bayramı günü kimi müəyyən edilib. Bu günün təsis olunması Vəkillər Kollegiyasının üzvləri tərəfindən sevinc hissi ilə qarşılanıb.
Vəkillər Kollegiyasının Rəyasət Heyətindən AZƏRTAC-a bildiriblər ki, bu əlamətdar günün ilk dəfə qeyd olunması ilə əlaqədar Rəyasət Heyətinin üzvləri Bilgəh qəsəbəsində Pensiya Yaşına Çatmış Şəxslər üçün Sosial Xidmət Müəssisəsini ziyarət ediblər. Müəssisədə yaşayan ahıl şəxslərə Rəyasət Heyətinin üzvləri tərəfindən iki saat ərzində ödənişsiz hüquqi yardım göstərilib, onların müraciətləri qeydiyyata alınıb və müəssisə sakinlərinə hədiyyələr paylanılıb.
Vəkillər Kollegiyasının sədri Anar Bağırov tədbirdə çıxış edərək ölkəmizdə insanların hüquqi yardıma çatımlılığının daha da asanlaşdırılması istiqamətində görülən işlər, bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 2018-ci il 22 fevral tarixli Sərəncamının əhəmiyyəti barədə fikirlərini bölüşüb, ahıl şəxslərin ehtiyaclarına vəkillərin də duyarlı yanaşmasının zəruriliyini bildirib.
Ziyarət zamanı vəkillərin özfəaliyyət ansamblının üzvləri tərəfindən müxtəlif çıxışlar olub.
Bundan başqa, Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı ilə vəkillərin peşə bayramı günü münasibətilə iyulun 30-da saat 09:00-dan 18:00-dək vəkil qurumlarına müraciət edən bütün şəxslərə ödənişsiz hüquqi yardım göstərilir. Belə yardıma ehtiyacı olan şəxslər ölkə ərazisində fəaliyyət göstərən vəkil qurumlarına müraciət edərək ödənişsiz hüquqi yardımdan faydalanırlar.