CƏMİYYƏT
Vəkillər inzibati prosesə dair biliklərini daha da dərinləşdirirlər
Bakı, 20 oktyabr, AZƏRTAC
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) “Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşmanın dəstəklənməsi” regional proqramının 2018-ci il fəaliyyət planına uyğun olaraq, Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə əməkdaşlıq çərçivəsində silsilə təlimlər keçirilməkdədir.
Vəkillər Kollegiyasından AZƏRTAC-a bildiriblər ki, təlimlərin davamı olaraq, oktyabrın 12-də və 19-da yeni seçilmiş vəkillər üçün “İnzibati prosesdə müxtəlif iddia növlərinin yoxlanılması” mövzusunda seminar keçirilib.
Seminarlarda Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlüyünə yeni qəbul olunmuş 40 vəkil iştirak edib.
Bakı Apellyasiya Məhkəməsinin hakimi, inzibati hüquq üzrə təlimçilərdən olan Rafael Eyvazovun və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Elçin Usubun ekspert qismində apardıqları seminarda “Mübahisələndirmə barədə iddia və onun yoxlanılması”, “İnzibati prosesdə məcburetmə barədə iddia və onun yoxlanılması” və sair mövzular tədris olunub və fikir mübadiləsi aparılıb.
Gələcəkdə belə tədbirlərin davamlı şəkildə keçirilməsi nəzərdə tutulur.