CƏMİYYƏT
Vəkillərin İntizam Komissiyasının üzvləri Almaniyada bu sahədə mövcud standartlar barədə məlumatlandırılıb
Bakı, 10 sentyabr, AZƏRTAC
Vəkillər Kollegiyası Rəyasət Heyətinin binasında Vəkillərin İntizam Komissiyasının üzvləri üçün “Almaniyada vəkillərə münasibətdə intizam icraatının bəzi xüsusiyyətləri və bu sahədə Avropa standartları” mövzusunda seminar keçirilib.
Vəkillər Kollegiyasından AZƏRTAC-a bildiriblər ki, interaktiv seminarda məruzəçi qismində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) peşəkar eksperti, Almaniyanın Hessen vilayətinin Vəkillər Palatasının üzvü, professor Rudolf Lauda iştirak edib.
Tədbirdə açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyasının sədri Anar Bağırov rəhbərlik etdiyi qurum ilə GİZ arasında yaranmış sıx əməkdaşlıq əlaqələrinin əhəmiyyətindən danışıb. O, GİZ tərəfindən həyata keçirilən tədbirlərin, seminarların vəkillər üçün faydasını, o cümlədən bu qurumun Azərbaycanda həyata keçirilən məhkəmə-hüquq islahatlarına verdiyi dəstəyin önəmini vurğulayıb.
Tədbirdə GİZ-in “Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşma” regional proqramının rəhbəri Tomas Meyer Vəkillər Kollegiyası ilə indiyədək səmərəli əməkdaşlığın qurulduğunu qeyd edib. O, əməkdaşlığın bundan sonra da inkişaf etdiriləcəyinə əminliyini bildirib.
Sonra professor Rudolf Lauda təqdimatla çıxış edərək Almaniyada vəkillər palatalarında vəkillər barəsində şikayətlərə baxılmasının əsasları, intizam icraatının başlanılması, icraatın sonrakı mərhələləri, intizam tənbeh tədbiri barədə qərarlar və digər mövzularda məlumat verib.
Sonda mövzu ətrafında müzakirələr aparılıb, komissiya üzvlərinin sualları cavablandırılıb.