CƏMİYYƏT
Vəkillik fəaliyyətində elektron xidmətlərdən istifadəyə dair beynəlxalq konfrans keçirilib
Bakı, 15 sentyabr, AZƏRTAC
Vəkillərin Avropa Assosiasiyasının təşkilatçılığı ilə “Vəkillik fəaliyyətində elektron xidmətlərdən istifadə” mövzusunda 12-dən çox ölkənin vəkillər assosiasiyalarının təmsilçilərinin iştirakı ilə beynəlxalq konfrans keçirilib.
Vəkillər Kollegiyasından AZƏRTAC-a bildiriblər ki, İsveçrə, Polşa, Türkiyə, Moldova, Azərbaycan, Gürcüstan, Ukrayna, İtaliya, Özbəkistan, Qırğızıstan və digər ölkələrin, habelə Avropa Şurasının nümayəndələrinin iştirak etdikləri konfransa sədrliyi Vəkillərin Avropa Assosiasiyasının sədri, polşalı vəkil xanım Mariya Şlazak edib. M.Şlazak çıxışında tədbirin əhəmiyyəti, qloballaşan dünyada, xüsusilə COVID-19 pandemiyası şəraitində elektron informasiya ehtiyatlarından səmərəli istifadənin zəruriliyi barədə fikirlərini bölüşüb, dünya səviyyəsində vəkil ictimaiyyətinin həmrəylik nümayiş etdirməsinin vacibliyini bildirib.
Konfransda ölkəmizi Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyəti aparatının rəhbəri Fərhad Nəcəfov və Vəkillər Kollegiyasının üzvü Altay Mustafayev təmsil ediblər. Azərbaycan vəkilliyinin təmsilçiləri ölkəmizdə vəkillər tərəfindən elektron hüquq xidmətlərindən istifadə, habelə Azərbaycanda bu peşənin qarşısında duran hədəflər və aktual problemlər haqqında təqdimatlarla çıxış ediblər.
Konfransda, həmçinin müasir texnologiyalardan istifadə və yeniliklərin vəkillikdə səbəb olduğu etik problemlər, məlumatların mühafizəsi, fərdi məlumatlara çatımlılığın hədləri, müasir texnologiyalar, davamlı inkişafı şərtləndirən amil və sair əhəmiyyət kəsb edən məsələlər barədə təqdimatlar olunub, faydalı fikir mübadiləsi aparılıb.