CƏMİYYƏT
Vəkillik fəaliyyətinə buraxılan 89 nəfərin andiçməsi olub
Bakı, 6 iyun, AZƏRTAC
İyunun 6-da Vəkillər Kollegiyasının Rəyasət Heyətinin genişləndirilmiş iclası çərçivəsində ixtisas imtahanlarını və icbari təlimi uğurla başa vurmuş 89 nəfər vəkilliyə namizədin təntənəli andiçmə mərasimi olub.
AZƏRTAC xəbər verir ki, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov mərasimdə çıxış edərək ölkəmizdə məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi və müasirləşdirilməsi sahəsində görülən işlər çərçivəsində vəkillik institutunun inkişafı istiqamətində görülən tədbirlərin uğurla davam etdirildiyini bildirib. Vurğulanıb ki, Azərbaycan Prezidentinin 2018-ci il 22 fevral tarixli məlum Sərəncamı ilə Vəkillər Kollegiyasına ixtisas imtahanlarının müntəzəm keçirilməsini təşkil etməklə, Kollegiyaya yeni üzvlərin, xüsusən gənc hüquqşünasların qəbul edilməsi üçün şəraitin yaradılması tövsiyə olunub.
Daha sonra peşəyə buraxılan 89 nəfər vəkilliyə namizəd qanunvericiliklə nəzərdə tutulmuş qaydada vəkil andı içib. Onlara Vəkillər Kollegiyası üzvünün yeni nəsil vəsiqələri təqdim edilib.