CƏMİYYƏT


“Vəkillik məktəbi” ixtisas imtahanlarına hazırlıq kursları təşkil olunur

Bakı, 25 may, AZƏRTAC 

Vəkil statusu əldə etmək istəyənlər üçün Vəkillər Kollegiyası Rəyasət Heyətinin təşəbbüsü ilə Bakı şəhəri 20 saylı Vəkil Bürosu tərəfindən “Vəkillik məktəbi” ixtisas imtahanlarına hazırlıq kursları təşkil edilib.

Vəkillər Kollegiyasından AZƏRTAC-a bildiriblər ki, vəkil olmaq istəyənlər üçün Kollegiyanın Rəyasət Heyətinin qərarı ilə ixtisas imtahanlarının qaydaları müəyyən edilib. Bu qaydalara əsasən, vəkil statusu əldə etmək istəyənlər birinci mərhələdə kompüter vasitəsilə 100 sualdan ibarət yazılı test imtahanı verməlidirlər. Bu imtahandan uğurla keçən namizədlər 5 sualın verildiyi şifahi müsahibə mərhələsinə buraxılırlar.

Tədris kurslarına iyunun 1-dən başlanılması nəzərdə tutulub. Dərslər iş günləri axşam saatlarında, şənbə günləri isə gündüz saatlarında keçiriləcək.

“Vəkillik məktəbi” kursları 16 akademik dərs saatını və kompüter vasitəsilə sınaq imtahanlarını əhatə edir. Bu isə dinləyicilərə kompüter test prosesini əvvəlcədən mənimsəmək və hazırlıq səviyyəsini adekvat qiymətləndirmək imkanı yaradacaq.

Kursun tədris proqramı vəkil statusu almaq istəyənlər üçün son dəyişikliklərə uyğun şəkildə, yazılı test və şifahi müsahibə mərhələlərinin mövzu və sualları hərtərəfli təhlil edilməklə hazırlanıb. Məşğələlərdə mühazirəçi qismində bu sahədə kifayət qədər vəkillik və tədris-təlim təcrübəsinə malik, ölkənin qabaqcıl ali tədris müəssisələrinin müəllim kollektivi çıxış edəcək.

Tədris materialları Vəkillər Kollegiyası Rəyasət Heyətinin təsdiq etdiyi yazılı test və şifahi müsahibə mərhələlərinin mövzu və sualları üzrə qruplaşdırılacaq. Tədris olunacaq mövzular imtahan sualları çərçivəsində maddi və prosessual hüququn incəliklərini mənimsəməyə, həmçinin qanunvericiliyin əsasları ilə hərtərəfli tanış olmağa imkan verəcək qədər geniş əhatə ediləcək.

Tədris olunacaq əsas mövzu blokları aşağıdakılardır: Mülki hüquq, mənzil, vərəsəlik, əmək və ailə hüququ, mülki, inzibati, Cinayət hüququ və cinayət prosesləri, Konstitusiya hüququ, beynəlxalq hüquq.

Kursu bitirən şəxslərə ixtisasartırma barədə sertifikat veriləcək. Dərslər Bakı şəhəri, Məmməd Araz küçəsi 105A ünvanda keçiriləcək.

Kurslarda iştirak etmək üçün 012-561-00-13, 070-746-33-49 telefon nömrələrinə və ya [email protected] elektron poçt ünvanına müraciət etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.