CƏMİYYƏT


Vəkilliyə namizədlər üçün icbari təlim başlayıb

Bakı, 10 may, AZƏRTAC 

Prezident İlham Əliyevin ölkədə vəkillərin sayının artırılması ilə bağlı tövsiyələri çərçivəsində Vəkillər Kollegiyasının üzvlüyünə qəbul üzrə tədbirlərin həyata keçirilməsi davam etdirilir. Bu məqsədlə hazırda tam şəffaf, obyektiv şəkildə ixtisas imtahanları keçirilir.

Vəkillər Kollegiyasından AZƏRTAC-a bildiriblər ki, mayın 10-da Ədliyyə Akademiyasında yazılı və şifahi imtahanlarda müvəffəqiyyət qazanmış 87 vəkilliyə namizədlə bir ayadək davam edəcək icbari təlim başlayıb. Təlim zamanı namizədlərin lazımi biliyə və peşə hazırlığına yiyələnmələrinə, habelə beynəlxalq təcrübəni öyrənmələrinə xüsusi diqqət yetiriləcək, insan haqlarının qorunması, vəkil etikası və digər aktual məsələlərə dair mövzular nüfuzlu ekspertlərin iştirakı ilə tədris olunacaq.

İcbari təlimin birinci günündə namizədlərlə keçirilən görüşdə Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən Elçin Xələfov tədbirdə çıxış edərək, vəkillərin ilkin icbari və davamlı tədrisinin əhəmiyyətindən danışıb, Vəkillər Kollegiyası ilə birgə hazırlanmış tədris proqramının məzmun baxımından yeniliklərlə zəngin olması barədə namizədlərə məlumat verib və onlara uğurlar arzulayıb.

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov vəkillik institutunun inkişafı ilə bağlı həyata keçirilən tədbirlər və gələcək planlar, Prezident İlham Əliyevin ötən il fevralın 22-də imzaladığı “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamının bu baxımdan xüsusi əhəmiyyət kəsb etməsi, bu çərçivədə ölkədə fəaliyyət göstərən vəkillərin sayının savadlı və peşəkar hüquqşünaslar hesabına artırılmasının önəmi barədə danışıb, o cümlədən, vəkilliyə qəbulla bağlı keçirilən ixtisas imtahanlarının yazılı və şifahi mərhələsindən uğurla keçmiş namizədləri bu münasibətlə təbrik edərək, hazırkı icbari təlimin vəkilliyə namizədlərin gələcək peşə fəaliyyəti üçün əhəmiyyətini vurğulayıb.

Bildirilib ki, təlimçilərin tərkibi əsasən peşəkar vəkillərdən komplektləşdirilib, namizədlər üçün təcrübi dərslərin keçirilməsi, habelə muzeylərə və digər mədəni obyektlərə səfərlərin təşkil olunması nəzərdə tutulub.

Daha sonra Vəkillər Kollegiyasının sədri Anar Bağırovun vəkillik etikası mövzusunda mühazirəsi dinlənilib, vəkillik etikası ilə bağlı namizədləri maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.