CƏMİYYƏT
Vəkilliyə namizədlərdən daha 110 nəfər şifahi müsahibə mərhələsində iştirak edib
Bakı, 25 iyun, AZƏRTAC
Vəkilliyə qəbul üzrə ixtisas imtahanlarının yazılı test mərhələsindən müvəffəqiyyətlə keçmiş 607 namizədin peşə yararlılığının yoxlanılması məqsədilə imtahanın şifahi müsahibə mərhələsi keçirilir.
Vəkillərin İxtisas Komissiyasından AZƏRTAC-a bildiriblər ki, həmin namizədlərdən növbəti 110 nəfər şifahi müsahibə mərhələsində iştirak edib.
İmtahanın nəticəsinə görə, Vəkillərin İxtisas Komissiyasının peşə yararlılığına dair rəyini almış 98 nəfər vəkilliyə namizəd iyunun 27-də Ədliyyə Akademiyasında başlayacaq icbari təlimə buraxılıb.
İcbari təlimdə namizədlərin vəkil peşəsinə hazırlanmaları təmin ediləcək, onlara vəkillik fəaliyyətinin səmərəli təşkili, vəkil etikası, insan haqları və digər aktual məsələlərə dair mövzular peşəkar ekspertlərin iştirakı ilə tədris olunacaq. Həmçinin namizədlər müxtəlif aidiyyəti qurumlarda təcrübə də keçəcəklər.
Vəkilliyə qəbul üzrə ixtisas imtahanlarının şifahi mərhələsindən müvəffəqiyyət qazanan və nəticələri iyunun 5-də açıqlanmış namizədlərin iyunun 27-də saat 09:00-da, nəticələri iyunun 25-də açıqlanmış namizədlərin isə iyunun 27-də saat 14:00-da Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasına gəlmələri xahiş olunur. Ünvan: Bakı şəhəri, Vidadi küçəsi 158. Əlavə məlumatı 070 436 00 20 nömrəli telefon vasitəsilə öyrənmək mümkündür.