Vəkilliyə namizədlərlə icbari təlimə başlanılıb
AzerTAg.az
Bakı, 3 fevral, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycanda vəkillərin sayının artırılması ilə bağlı tövsiyələri çərçivəsində Vəkillər Kollegiyası üzvlüyünə qəbul üzrə tədbirlərin həyata keçirilməsi davam etdirilməkdədir. Bu məqsədlə hazırda tam şəffaf, obyektiv şəkildə ixtisas imtahanları keçirilməkdədir.
AZƏRTAC Vəkillər Kollegiyasının saytına istinadla xəbər verir ki, fevralın 3-də yazılı və şifahi imtahanlarda müvəffəqiyyət qazanmış 107 vəkilliyə namizədlə bir ayadək davam edəcək icbari təlimə başlanılıb.
İcbari təlimin ilk günündə keçirilən tədbirdə Vəkillər Kollegiyasının sədri Anar Bağırov açılış nitqi ilə çıxış edərək vəkilliyə namizədlərə uğurlar arzu edib, təlim zamanı vəkillərin lazımi biliyə və peşə hazırlığına yiyələnmələrinə, habelə beynəlxalq təcrübəni öyrənmələrinə xüsusi diqqət yetiriləcəyini vurğulayıb. Bildirilib ki, insan haqlarının qorunması, vəkil etikası və digər aktual məsələlərə dair mövzular nüfuzlu ekspertlərin iştirakı ilə tədris olunacaq.
Anar Bağırov vəkillərin ilkin icbari və davamlı tədrisinin əhəmiyyəti barədə fikirlərini səsləndirib. Son dövrlər Azərbaycan vəkilliyində aparılan islahatlar, vəkillərin sayının artırılması istiqamətində görülən işlər barədə məlumat verib.
Sədr vəkillik institutunun inkişafı ilə bağlı həyata keçirilən tədbirlər və gələcək planlar, Azərbaycan Prezidentinin 2018-ci il 22 fevral tarixli “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamının bu baxımdan xüsusi əhəmiyyət kəsb etməsi, bu çərçivədə ölkədə fəaliyyət göstərən vəkillərin sayının savadlı və peşəkar hüquqşünaslar hesabına artırılmasının önəmi barədə danışıb.
Sonra Ədliyyə Akademiyasının prorektoru Elçin Xələfov çıxış edərək deyib ki, təlimlərin əsas məqsədi vəkillərin praktiki və nəzəri biliklərə yiyələnməsidir. Builki proqramın fərqli olduğunu diqqətə çatdıran prorektor praktiki təcrübəyə daha çox üstünlük veriləcəyini qeyd edib: “Çünki məhkəmələrimiz artıq yazılı icraata keçir. Bu baxımdan vəkillər bu sahədə daha da təcrübəli olmalıdırlar”.
Daha sonra Vəkillər Kollegiyasının sədri Anar Bağırovun "Müasir məhkəmə-hüquq islahatları çərçivəsində vəkillik" mövzusunda mühazirəsi dinlənilib, mövzu ilə bağlı namizədləri maraqlandıran suallar cavablandırılıb.



Xəbərin mətnində orfoqrafik səhv var