CƏMİYYƏT
Vəkilliyə qəbul imtahanının vaxtı açıqlanıb
Bakı, 22 noyabr, AZƏRTAC
“Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 fevral tarixli Sərəncamı ilə Vəkillər Kollegiyasına ixtisas imtahanlarının müntəzəm keçirilməsini təşkil etməklə, Kollegiyaya yeni üzvlərin qəbulu üçün şəraitin yaradılması tövsiyə olunub.
Vəkillər Kollegiyasından AZƏRTAC-a bildiriblər ki, bu ildən etibarən vəkilliyə sənəd qəbulunun daimi əsaslarla aparıldığını nəzərə alaraq Kollegiya ilə Dövlət İmtahan Mərkəzi arasında əldə olunmuş razılığa əsasən, dekabrın 23-də Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı növbəti ixtisas imtahanlarının yazılı test mərhələsinin keçirilməsi nəzərdə tutulub.
Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri, Abdulvahab Salamzadə 28 ünvanında yerləşən kompüter mərkəzində təşkil olunacaq imtahan əvvəlki yazılı test imtahanlarından fərqli olaraq kompüter vasitəsilə - elektronlaşdırılmış qaydada həyata keçiriləcək.
Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarında iştirak etmək istəyən şəxslər dekabrın 20-dək Sənəd Qəbulu Komissiyasına müraciət edə bilərlər. Sənəd qəbulu üçün elektron qaydada müraciət etmək istəyən şəxslər http://www.barassociation.az/recruitment keçidində göstərilən ankent-formanı doldurmalı, http://www.barassociation.az/other keçidində nəzərdə tutulan bank rekvizitləri vasitəsilə ödəniş etməli, anket-forma və ödəniş qəbzinin skan surətini dekabrın 20-dək [email protected] elektron poçt ünvanına göndərməlidirlər.
Əlavə məlumat üçün 012 594 14 95 telefon nömrəsi vasitəsilə əlaqə saxlamaq olar.
İmtahan mərkəzindəki kompüterlərin sayı nəzərə alınaraq, mərkəzdə 180-dək namizəd imtahan verəcək. Bu səbəbdən daxilolma tarixi/vaxtı üzrə ərizələri qəbul olmuş ilk 180 namizəd imtahana buraxılacaq. Dəvət ediləcək şəxslərin imtahana buraxılıb-buraxılmamaları barədə məlumat onlara müraciətlərinin daxil olduğu gün veriləcək. Dekabrın 23-də keçiriləcək imtahana buraxılmamış şəxslər ardıcıllıqla növbəti aylarda təşkil ediləcək imtahanlarda iştirak üçün dəvət olunacaqlar.
“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanun 13-cü maddəsinin tələbinə əsasən, bundan əvvəlki – yanvarın 28-də keçirilmiş qəbul imtahanında iştirak etmiş və imtahanı müvəffəqiyyətlə keçə bilməmiş şəxslər dekabrın 23-dəki imtahanda iştirak edə bilməzlər.