CƏMİYYƏT
Vəkilliyə qəbulla bağlı növbəti ixtisas imtahanlarının yazılı test mərhələsi oktyabrın 31-də keçiriləcək
Bakı, 13 sentyabr, AZƏRTAC
“Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 fevral tarixli Sərəncamı ilə Vəkillər Kollegiyasına ixtisas imtahanlarını müntəzəm keçirməklə Kollegiyaya yeni üzvlərin qəbul edilməsi üçün şəraitin yaradılması tövsiyə olunub.
Kollegiyadan AZƏRTAC-a bildiriblər ki, Sərəncamdan irəli gələn tədbirlərin davamı olaraq, Vəkillər Kollegiyası ilə Dövlət İmtahan Mərkəzi arasında əldə olunmuş razılığa əsasən, bu il oktyabrın 31-də Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı növbəti ixtisas imtahanlarının yazılı test mərhələsinin keçirilməsi nəzərdə tutulub. Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri, Abdulvahab Salamzadə 28 ünvanında yerləşən kompüter mərkəzində təşkil olunacaq imtahan elektronlaşdırılmış qaydada həyata keçiriləcək. İmtahanda 245 namizəd iştirak edəcək.
Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanının yazılı test mərhələsində iştirak etmək istəyən namizədlər daimi əsaslarla davam edən sənəd qəbulunda 174 namizədin sənədinin qəbul olunduğunu və yerlərin məhdud olduğunu nəzərə almalıdırlar. Əlavə məlumat üçün 012 594-14-95 telefon nömrəsi ilə əlaqə saxlamaq lazımdır.