REGİONLAR


Vəli Baxşəliyev: Qədim insanlar Naxçıvanda 500-300 min il bundan əvvəl məskən salıblar

Naxçıvan, 2 avqust, AZƏRTAC

Son illərdə Naxçıvan ərazisində aparılan arxeoloji qazıntılar nəticəsində əldə edilmiş maddi-mədəniyyət nümunələrini araşdıran arxeoloqlar təsdiq edirlər ki, 500-300 min il bundan əvvəl bu ərazilərdə ən qədim insanlar məskən salıblar. Bu yaşayış məskənləri, əsasən, Naxçıvanın təbii zənginliklərə malik çay vadilərində, dağ yamaclarında, eyni zamanda, yaşı minilliklərlə ölçülən mağaralarda olub. Arxeoloji qazıntılar zamanı qədim yaşayış yerlərindən aşkar olunan əmək alətləri, maddi nümunələr bu ərazinin nəinki Azərbaycanın, hətta dünyanın ən qədim yaşayış yerlərindən biri olduğunu göstərir. Tapılmış arxeoloji nümunələr Daş, Tunc və Erkən Dəmir dövrlərində Naxçıvan ərazisində intensiv yaşayış olduğunu təsdiq edir.

AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, arxeoloq Vəli Baxşəliyev AZƏRTAC-ın Naxçıvan bürosunun əməkdaşı ilə söhbəti zamanı bildirib ki, Cənubi Qafqaz mədəniyyətləri ilə Yaxın Şərq mədəniyyətləri arasındakı əlaqələrin mövcudluğu uzun müddətdir qafqazşünas arxeoloqların diqqətini cəlb edib. Bu əlaqələrin mövcudluğu indiyədək tək-tək tapıntılarla təsdiq olunurdusa, hazırda kompleks arxeoloji materiallar bunu təsdiqləyir. Belə abidələrdən biri Dalmatəpə tipli keramika ilə xarakterizə olunan Naxçıvantəpə yaşayış yeridir. Naxçıvantəpə yaşayış yeri Naxçıvançayın sağ sahilində, dəniz səviyyəsindən 853 metr yüksəklikdə yerləşir. Yaşayış yeri Naxçıvançayın açdığı yarğanın üzərində salınıb. Ehtimal olunur ki, çay vaxtilə yaşayış yerinin yaxınlığından keçib, hazırda isə qədim yaşayış yerindən 200 metr aralıdadır. Hazırda yaşayış yerinin salamat qalan hissəsinin sahəsi 2 hektara yaxındır.

Arxeoloji tapıntılar haqqında danışan AMEA-nın müxbir üzvü deyib: Burada insanların yaşadığı evlərin qalıqlarını aşkar etmişik. Yaşayış yerindən aşkar olunan arxeoloji materialların əksəriyyəti keramika məmulatından və obsidian parçalarından ibarətdir. Əmək alətləri olduqca azdır. Dən daşlarına tək-tək rast gəlinir. Çaxmaq daşından da az istifadə olunub. Əmək alətləri arasında obsidian alətlər çoxluq təşkil edir. Onlar arasında oraq dişləri olduqca azdır. Ehtimal olunur ki, bu, əhalinin məşğuliyyəti ilə bağlı olub. Keramika məmulatı eramızdan əvvəl V minilliyin birinci yarısı üçün xarakterikdir. Keramika məmulatının əsas xüsusiyyəti Dalmatəpə tipli boyalı və basma naxışlı keramikanın olmasıdır. Bu tip keramika ilə xarakterizə edilən yaşayış yeri Cənubi Qafqazda ilk dəfədir aşkar olunur. Naxçıvantəpə yaşayış yerinin tədqiqi yalnız Azərbaycanın deyil, bütövlükdə bütün Cənubi Qafqazın Eneolit mədəniyyətinin ardıcıl mərhələlərini öyrənməyə imkan verir.

Vəli Baxşəliyevin sözlərinə görə, bu il qədim Duzdağ ərazisində də arxeoloji qazıntılar uğurla davam etdirilib. Ərazidəki tədqiqatlar zamanı Eneolit, Erkən Tunc, Dəmir dövrlərinə və Orta əsrlərə aid keramika məmulatı, daş çəkiclər aşkarlanıb. Tapılan maddi-mədəniyyət qalıqları, xüsusilə daş çəkiclər burada qədim dövrlərdən mədənçiliyin inkişaf etdirildiyini sübuta yetirir. Tunc dövründə qədim Naxçıvanda tayfaların iqtisadi, ictimai və mədəni həyat tərzində böyük dəyişikliklər baş verərək iri tayfa ittifaqları yaranıb. Bu tayfaların həyat tərzini səciyyələndirən tarixi mənbələr isə Kür-Araz mədəniyyəti abidələridir. Qafqazda, ümumən Ön Asyada geniş yayılan Kür-Araz mədəniyyətinin də əsas vətəni məhz Naxçıvandır. Kür–Araz mədəniyyəti abidələrinin tarixi eradan əvvəl IV minilliyin ortalarına aid edilir. Son illərdə arxeoloqların Şərur rayonu ərazisindəki Ovçulartəpəsi qədim yaşayış yerində aşkar etdikləri maddi-mədəniyyət nümunələri Kür-Araz mədəniyyətinin eradan əvvəl V minilliyin sonu - IV minilliyin əvvəllərinə aid, Naxçıvanın isə bu mədəniyyətin vətəni olduğunu təsdiq edir. Tədqiqatçıların fikrincə, Orta Tunc dövründə Naxçıvanda güclü tayfa ittifaqları formalaşıb, əhalinin sayı artıb, əkinçilik, maldarlıq, sənətkarlıq əsas təsərrüfat sahələri kimi özünü göstərib, mübadilə və ticarət əlaqələri genişlənib. Bu baxımdan da Naxçıvan şəhərinin mədəniyyəti Yaxın Şərq ölkələri ilə iqtisadi-mədəni əlaqələr şəklində inkişaf edərək təşəkkül tapıb. İqtisadiyyatın və ticarətin inkişafı Naxçıvan ərazisində yeni yaşayış məskənlərinin yaranmasına imkan yaradıb.

Naxçıvançay və Sirabçay ətrafında yeni aşkar olunan qədim yaşayış yerlərinin tarixini tədqiqatçılar Eneolit dövrünün erkən mərhələsinə aid edirlər. Geniş əraziləri əhatə edən qədim yaşayış yerlərindən aşkar olunan maddi-mədəniyyət nümunələrinin bəziləri Neolit dövründən xəbər verir. Bu abidələrin araşdırılması Naxçıvan şəhəri ərazisində insanların məskunlaşması və mədəni əlaqələri ilə bağlı tədqiqatçıların yeni fikirlər ortaya qoymalarına imkan verir.

“Babək rayonu ərazisindəki birinci və ikinci Kültəpə, Ovçulartəpəsi, birinci Maxta və başqa yaşayış yerlərində aparılmış tədqiqatlar bölgədə Eneolit dövründən başlayaraq Antik dövrədək olan geniş bir tarixi mərhələdə tikinti və memarlıq xüsusiyyətlərini izləməyə şərait yaradır. Eyni zamanda, əsasən Son Tunc və Erkən Dəmir dövrlərində geniş yayılmış qalaların memarlıq xüsusiyyətlərinin tədqiqi də arxeoloqların müəyyən nəticələr söyləməsinə imkan verir” – deyən Vəli Baxşəliyev vurğulayıb ki, Qafqazın etalon abidələrindən hesab edilən birinci Kültəpədə aşkar olunan maddi nümunələr və tikinti qalıqları buranın Neolit dövrünə aid olduğunu göstərir. Eneolit dövrünə aid aşkar olunan dairəvi formalı evlər bir sıra xüsusiyyətlərinə görə Ön Asiya abidələrində aşkar olunan evlərə bənzər olsa da, qədim Şərqin bəzi əkinçilik mədəniyyətləri, xüsusilə Xələf mədəniyyəti üçün xarakterik olan dairəvi formalı və onlara birləşik artırmalı binalara burada rastlanmayıb.

Kültəpə ətrafında yerləşən arxeoloji abidələrin araşdırılması göstərir ki, ölkəmizin qədim sakinləri ətraf mühitlə yaxşı tanış imişlər. Güman olunur ki, köçəri həyatı mənimsəmişdilər. Xatunarx yaşayış yerinin tədqiqi zamanı köçmə maldarlığa keçidlə bağlı faktlar aşkar olunsa da, Şorsuda hələlik maldarlıqla bağlı maddi-mədəniyyət nümunələri aşkar edilməyib. Ehtimal ki, istehsal təsərrüfatının mövcudluğu şəraitində yığıcılıq da təsərrüfatda əsas rol oynayıb. Naxçıvan ərazisinin yabanı taxıl növləri və faydalı qazıntılarla zəngin olması da bunu təsdiqləyir.

Alim qeyd edib ki, Neolit və Eneolit abidələrinin tədqiqi Naxçıvanın tarixi coğrafiyası ilə bağlı maraqlı faktları da ortaya çıxarıb. Yaşayış yerlərindən aşkar olunan arxeoloji materialların bir qismi obsidian əmək alətlərindən ibarətdir. Alətlərin hazırlanmasında şəffaf və qeyri-şəffaf obsidiandan istifadə olunub. Naxçıvanın qədim sakinləri obsidianı Göyçə gölü hövzəsində yerləşən Göyəm, Göyhasar yataqlarından və Naxçıvanın yaxınlığındakı Sünikdən əldə ediblər. Göyçə gölü hövzəsindəki yataqlar Naxçıvanda yaşayan tayfaların nəzarətində olub. Naxçıvanın şimalında, Sünikdə yerləşən yataqlardan çıxarılan obsidian Naxçıvan vasitəsilə Azərbaycanın Arazdan cənubda yerləşən bölgələrinə yayılıb. Araşdırmalar göstərir ki, Urmiya hövzəsinin yaşayış yerlərində və Mərənd Kültəpəsində başlıca olaraq Sünik obsidianı istifadə edilib. Şorsu çayı boyunca yerləşən çoxsaylı Eneolit abidələri ölkəmizin qədim sakinlərinin xammal mənbələrinə doğru irəlilədiyi yolu göstərir. Araşdırmalara əsaslanaraq demək olar ki, Naxçıvanın qədim tarixi coğrafiyası Göyçə hövzəsi daxil olmaqla, Qərbi Azərbaycanın böyük bir qismini və Arazdan cənubdakı əraziləri əhatə edib. Tarixi inkişafın sonrakı dövründə, xüsusilə eradan əvvəl I minillikdə Naxçıvan əhalisinin Göyçə ətrafında yaşayan tayfalarla vahid ittifaq halında birləşməsi də bunu təsdiq edir.

Tarixin şahidi, həm də iştirakçısı olan bu qədim yaşayış yerləri, qayaüstü rəsmlər, Naxçıvan tarixi ilə bağlı tapılan yeni faktlar tədqiqatçıların qaya təsvirlərini yaradan tayfalar haqqında yeni fikirlər deməsinə imkan verir. Ümumiyyətlə, Naxçıvanın arxeoloji abidələri daş dövründən başlayaraq yurdumuzun qədim tarixini öyrənmək üçün olduqca mühüm əhəmiyyəti olan mənbələrdir. Qədim yaşayış yerlərindən aşkar olunan maddi-mədəniyyət abidələrinin araşdırılması göstərir ki, xalqımız qədim dövrlərdən bu ərazilərdə məskunlaşan ulu əcdadlarımızın varisləridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.