İDMAN
Velosiped həvəskarları üçün “Critical X-Mass Baku” yürüşü təşkil olunub
Bakı, 27 dekabr, Səxavət Quliyev, AZƏRTAC
Dekabrın 27-də velosiped həvəskarları üçün “Critical X-Mass Baku” yürüşü təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Velosiped İdmanı Federasiyasının (AVİF) 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə “SharkHead” velosipedçilər klubu ilə birlikdə keçirdiyi yürüş Azadlıq meydanından (Hökumət Evinin qarşısı) start götürüb.
Bayram əhval-ruhiyyəsində keçirilən tədbir başlamazdan əvvəl tandem velosipedlə Azadlıq meydanına gələn Şaxta baba və Qar qız yürüş iştirakçılarını salamlayıblar.
Yürüşə qatılan 200-dən artıq peşəkar və həvəskar velosipedçi şəhərin küçələri ilə 18 kilometr məsafə qət edib.
AVİF-in baş katibi Fərhad Əliyev bildirib ki, federasiya hər ilin sonunda həvəskarlar üçün belə bir yürüş təşkil edir. Builki yürüşdə “SharkHead” velosipedçilər klubu da fəal iştirak edir. Bizi sevindirən əsas məqam bu cür yürüşlərə insanların marağının durmadan artmasıdır. Avtonəqliyyat vasitələri sahiblərinin velosipedçilərlə eyni yolda hərəkətin mümkünlüyünü qəbul etmələri yürüşün vacibliyini daha da artırır.
Tədbir yekunlaşdıqdan sonra kiçik yaşlı uşaqlara federasiya tərəfindən yeni il hədiyyələri təqdim olunub.