İDMAN


Velosiped idmanı üzrə Federasiya Kuboku yarışlarının qalibləri müəyyənləşib

Bakı, 5 noyabr, AZƏRTAC

Respublika Velotrekində mövsümün trek növü üzrə sonuncu sınağı – Federasiya Kuboku yarışı keçirilib. Azərbaycan Velosiped İdmanı Federasiyası və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə baş tutan yarışda klub və cəmiyyətlərin müxtəlif yaş qrupları üzrə 100-ə yaxın idmançısı 5 növdə qalibi müəyyən edib.

AZƏRTAC xəbər verir ki, elit, U-23 və gənc oğlanların eyni qrupda mübarizə apardığı keyrin yarışlarında yığma komandamızın lider idmançısı Sergey Omelçenko bütün rəqiblərindən güclü olub. “Neftçi” idman klubunun nümayəndəsi Mahmud Məmmədov bu yaş kateqoriyasında 1 kilometr məsafəyə fərdi ötüşmədə birinci yeri tutub. Qrup ötüşməsində isə Respublika Olimpiya Velosiped Məktəbinin yetirməsi Nəcəf Bağırov digər rəqiblərini qabaqlamaqla fəxri kürsün ən yüksək pilləsinə qalxıb. Onun komanda yoldaşı Ayan Xankişiyeva gənc qızlar arasında 2 kilometr məsafəyə fərdi ötüşmədə çempion olub.

15 və 17 yaşadək qızlar arasında 1 kilometr məsafəyə fərdi ötüşmədə müvafiq olaraq 7 saylı Olimpiya Məktəbi və Respublika Olimpiya Velosiped Məktəbinin təmsilçiləri Gülşən İsmayılova və Elfanə Camalova hamını qabaqlayıblar. On beş yaşadək oğlanlar arasında 7 saylı Olimpiya Məktəbindən Mustafa Muxtarlı 1, 17 yaşadək idmançılar arasında isə Respublika Olimpiya Velosiped Məktəbindən Nikita Sitov 2 kilometr məsafəyə fərdi ötüşmə yarışında fərqləniblər. Yeri gəlmişkən, Nikita Sitov, həmçinin 8 min 500 metr məsafəyə skretç yarışında da çempionluq sevinci yaşayıb. On yeddi yaşadək qızların 5000 metr məsafəyə skretç yarışı isə 7 saylı Olimpiya Məktəbinin nümayəndəsi Viktoriya Sidorenkonun qələbəsilə yekunlaşıb.

Qalib və mükafatçılar medal, diplom və qiymətli hədiyyələrlə təltif ediliblər. İdmançılara mükafatları Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və Respublika Olimpiya Velosiped Məktəbinin direktoru Faiq Qurbanov təqdim ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.