Velosiped idmanı üzrə “Məktəbli Kuboku” turnirinin qalibləri müəyyənləşib
AzerTAg.az
Bakı, 4 mart, AZƏRTAC
Azərbaycan Velosiped İdmanı Federasiyası (AVİF) və Səbail rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 5 mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunan “Məktəbli Kuboku” turnirinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, yarışda Səbail rayonunu təmsil edən 12 məktəbin komandası mübarizə aparıb.
Reqlamentə görə, kollektivlər hər birinin tərkibində 3 oğlan və 1 qız iştirakçı olmaqla estafet sistemi üzrə yarışıblar. 132-134 saylı orta məktəbin komandası bütün rəqiblərindən daha yaxşı çıxış edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İki saylı Texniki-Humanitar liseyin velosipedçiləri gümüş, 239 nömrəli orta məktəbin kollektivi isə bürünc medal əldə edib.
İlk üç yeri tutan komandalar AVİF tərəfindən pul mükafatı, həmçinin kubok, medal və diplomla təltif ediliblər. Mükafatları federasiyanın baş katibi Fərhad Əliyev və Səbail rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Mürsəlov təqdim ediblər.
Xatırladaq ki, ötən ilin dekabrında federasiya tərəfindən Nərimanov rayonunun məktəbləri arasında da pilot layihəli “Məktəbli Kuboku” turniri təşkil edilmişdi. Bütün bu yarışlar ümumrespublika “Məktəbli Kuboku” turnirinə hazırlıq xarakteri daşıyır.




Xəbərin mətnində orfoqrafik səhv var