İDMAN


Velosiped idmanının şose növü üzrə Azərbaycan çempionatında yüzdən artıq idmançı birincilik uğrunda mübarizə aparacaqdır

Bakı, 25 iyun (AZƏRTAC). İyunun 27-dən 29-dək velosiped idmanının şose növü üzrə Azərbaycan çempionatı keçiriləcəkdir.

AZƏRTAC xəbər verir ki, ölkəmizin ən güclü velosipedçilərinin müəyyənləşəcəyi yarış Gəncə, Samux və Daşkəsəndə təşkil ediləcəkdir.

Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək ölkə çempionatında federasiyanın nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərin 100-ə yaxın idmançısı mübarizə aparacaqdır. Bundan başqa, Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası “Synergy Baku”nun 5 üzvü, müvafiq olaraq elit və U-23 milli komandalarımızın da şərəfini qoruyan Elçin Əsədov, Aqşin İsmayılov, Məhəmməd Ələkbərov, Tural İsgəndərov və Samir Cəbrayılovun da yarışda iştirakı ona olan marağı daha da artıracaqdır. “Synergy Baku”nun baş məşqçisi Ceremi Hant da ölkə çempionatının gedişini izləyənlər arasında olacaqdır.

Yarışın proqramına əsasən, iyunun 27-də Samuxda elit, U-23 və gənclər 30 kilometr, U-17 yaş qrupunda çıxış edən velosipedçilər isə 15 kilometr məsafəyə fərdi ötüşmədə (time trial) mübarizə aparacaqlar. İyunun 28-də U-17 yaş qrupu üzrə velosipedçilər Samuxda 70 kilometr məsafəyə qrup ötüşməsində Azərbaycan çempionunu müəyyənləşdirəcəklər. Nəhayət, iyunun 29-da - ölkə çempionatının sonuncu günü elit, U-23 və gənclər Gəncə şəhərindən qrup şəklində start götürməklə Daşkəsənə qədər 120 kilometr məsafəyə yürüş edəcəklər. Bu mərhələnin əsas xüsusiyyəti Daşkəsən ərazisində dağ yollarının da olmasıdır.

Azərbaycan çempionatının nəticələri Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) reytinq siyahısında nəzərə alınacaqdır. Qaliblər medal, diplom və pul mükafatı ilə təltif ediləcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.