İDMAN
Velosiped üzrə Azərbaycan millisinin üzvü Lvov şəhərinin tanıtım reklamında çəkilib VİDEO
Bakı, 8 yanvar, AZƏRTAC
Velosiped idmanının şose növü üzrə Azərbaycanın elit yığmasının və “Synergy Baku” kontinental komandasının üzvü Maksim Averin Ukraynanın Lvov şəhərinin tanıtım reklamında yer alıb.
AZƏRTAC xəbər verir ki, velosipedçi reklam çarxında “Synergy Baku” komandasının formasında çəkilib.
Maksim Averin Azərbaycan velosiped məktəbinin yetirməsi, 1954-cü ildə Bakıda anadan olan, 1978-ci ildə dünya veloturunun qalibi adını qazanmış Aleksandr Averinin oğludur. Ata Averin idmançı karyerasını başa vurduqdan sonra Ukraynanın Lvov şəhərinə köçərək orada yaşamağa başlayıb. Maksim də məhz bu şəhərdə dünyaya göz açıb.
Ötən ildən tarixi vətəninin yığmasında və klub komandasında çıxış etməyə başlayan Maksim Averin “Synergy Baku”nun heyətində uğurlu çıxışı ilə Lvovun tanınmış simalarından birinə çevrilib və təsadüfi deyil ki, şəhərin tanıtım reklamına da dəvət alıb.