REGİONLAR
Velosiped yürüşü üzrə Ordubad rayon birinciliyinin qalibləri müəyyənləşib
Ordubad, 15 may, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş yeniyetmə və gənclər arasında velosiped yürüşü üzrə Ordubad rayon birinciliyinin qalibləri müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, yarış başlamazdan əvvəl Ordubad Rayon Gənclər və İdman İdarəsinin rəisi Əbülfəz Əliyev, muxtar respublikanın Hava və Ekstremal İdman Növləri Federasiyasının Ordubad rayon bölməsinin sədri Nicat Rzayev çıxış edərək Ümummilli Liderin həyat və fəaliyyətindən, dahi şəxsiyyətin Azərbaycanda bütün sahələrin, o cümlədən idmanın inkişafındakı əvəzsiz xidmətlərindən ətraflı söz açıblar.
Ordubad Rayon Gənclər və İdman İdarəsinin, Təhsil Şöbəsinin və Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının Ordubad rayon bölməsinin birgə təşkilatçılığı ilə keçirilən yarışa 100-ə yaxın yeniyetmə və gənc idmançı qatılıb. Onlar 1500 metr məsafəni qət ediblər.
Maraqlı keçən mübarizə nəticəsində oğlanlar arasında Aşağı Əylis kənd tam orta məktəbin şagirdi Anar Quliyev I, İnternat tam orta məktəbin şagirdi Mirəli Cəfərov II, Ordubad şəhər 1 nömrəli tam orta məktəbin şagirdi Namiq Xəlilov III yeri, qızlar arasında isə Ordubad şəhər 3 nömrəli tam orta məktəbin şagirdi Mehri Ağacanova I, həmin məktəbin şagirdləri Fizzə Quliyeva II və Gülnar Cəfərova III yeri tutublar.
Sonda qaliblər Ordubad Rayon Gənclər və İdman İdarəsinin, Təhsil Şöbəsinin diplomları, Hava və Ekstremal İdman Növləri Federasiyasının qiymətli hədiyyələri ilə mükafatlandırılıblar.