İDMAN
Velosipedçimiz “Qara dəniz turu”nda uğurla çıxış edib
Bakı, 20 may, AZƏRTAC
Türkiyədə Beynəlxalq Velosipedçilər İttifaqının 2.2 kateqoriyalı “Qara dəniz turu”na yekun vurulub. Sonuncu – üçüncü mərhələdə də inamla çıxış edən velosipedçilərimiz bununla da “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xallarımızı bir xeyli artırıblar.
AZƏRTAC xəbər verir ki, ilk 2 mərhələdə müvafiq olaraq 2-ci və 3-cü olan Samir Cəbrayılov bu dəfə 170 kilometr məsafəni 3 saat, 45 dəqiqə, 55 saniyəyə keçən 10 nəfərlik qrupun içində yer alıb və fotofinişə əsasən 4-cü olub. Məhz bu nəticə təmsilçimizə ümumi təsnifatda 2-ci yerini qorumağa və bununla da Olimpiadaya 30 lisenziya xalı qazanmağa imkan verib. S.Cəbrayılov 1-ci və 2-ci mərhələlərdə ölkəmizin reytinqinə müvafiq olaraq 3 və 1 xal da əlavə etmişdi.
Milli komandamızın digər üzvü Elçin Əsədov isə “Qara dəniz turu”nu ümumi təsnifatda 10-cu yerdə başa vurmaqla reytinqimizi daha 3 xalla zənginləşdirib.
Xatırladaq ki, mayın əvvəlində Türkiyədə keçirilən digər bir yarış - “Tour of Mesopotamia”da da Elçin Əsədov ümumi təsnifatda 10-cu olmaqla 3 reytinq xalı qazanmışdı.