CƏMİYYƏT
Vəlvələçay çayında suyun səviyyəsi 72 santimetr azalıb
Bakı, 9 sentyabr, AZƏRTAC
Avqust ayı quraq keçib, yağıntıların miqdarı çox az olub. Buna görə də çaylarda azsululuq dövrü müşahidə olunub. Quraqlıq dövründən sonra sentyabrın 7-də yağan leysan yağışları nəticəsində bəzi çaylarda sel əmələ gəlib. Əsasən Böyük Qafqazın Quba-Xaçmaz ərazisindən keçən çaylarında sululuğun kəskin artımı qeydə alınıb. Burada Qaraçay və Vəlvələçay çaylarını xüsusi fərqləndirmək olar. Həmin çaylarda qısamüddətli sel müşahidə olunub. Sentyabrın 8-də aparılan monitorinqlər zamanı məlum olub ki, Vəlvələçay çayında suyun səviyyəsi 95 santimetr artıb. Digər çaylarda ciddi dəyişiklik qeydə alınmayıb.
Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev məlumat verib.
A.Verdiyev bildirib ki, artıq bu gündən başlayaraq çaylarda suyun səviyyəsi azalıb. Yaxın üç gün ərzində çaylarda suyun səviyyəsində azalma qeydə alınacağı ehtimalı var. Hazırda Vəlvələçay çayının səviyyəsi 72 santimetr düşüb.
Baş hidroloq, həmçinin onu da qeyd edib ki, payız mövsümündə yağan intensiv yağışlar nəticəsində çaylarda qısamüddətli sel hadisələrinin müşahidə olunacağı gözlənilir. Bu da əsasən Böyük Qafqaz və Lənkəran-Astara bölgəsi çaylarına aiddir.