REGİONLAR
Vəlvələçay üzərindəki körpü əsaslı şəkildə bərpa olunub VİDEO
Bakı, 8 noyabr, AZƏRTAC
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 146-cı kilometrində, Vəlvələçay üzərində yerləşən və qəzalı vəziyyətdə olan körpü əsaslı şəkildə bərpa olunaraq vətəndaşların istifadəsinə verilib.
Bu barədə AZƏRTAC-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən açıqlama verilib.
Məlumata görə, yolun beynəlxalq yük və sərnişindaşımasındakı əhəmiyyəti nəzərə alınaraq bərpa işləri qısa müddət ərzində yekunlaşdırılıb.
Sözügedən işlər zamanı mövcud tikinti norma və qaydalarına əsasən 120 metr uzunluğunda olan körpünün 7 aşırımında olan mövcud 49 tir yenisi ilə əvəzlənib və dayaqları möhkəmləndirilərək armabetonla betonlanıb.
Bundan başqa, körpünün eni genişləndirilərək 8 metrdən 10.5 metrə çatdırılıb. Onun hər iki tərəfində piyadaların normal və təhlükəsiz hərəkəti üçün 1.2 metr enində yeni piyada səkiləri qurulub. Səkilərlə təhlükəsiz hərəkəti təmin etmək məqsədilə körpünün hərəkət hissəsi və səkilərin arasına xüsusi təkərqaytaran dəmir-beton maneələr qoyulub, körpünün kənarlarına isə yeni mühəccərlər və körpünün giriş hissələrinə əlavə olaraq əyrixətli dəmir tirlər quraşdırılıb.
Daha sonra körpünün üstünə yeni asfalt-beton örtük döşənib, üfüqi nişanlanma xətləri çəkilib, yeni yol nişanları qoyulub. Aparılmış bərpa işlərindən sonra körpünün yükgötürmə qabiliyyəti əvvəlki 60 tondan 100 tona çatdırılıb. Hazırda körpü müasir norma və standartlara cavab verir.
Xatırladaq ki, körpü uzun müddət istismar olunduğundan və ağıryüklü maşınların intensiv hərəkəti nəticəsində qəzalı vəziyyətə düşüb. Körpünün aşırımlarında çatlar və dağılmalar yaranıb.
Dərhal əraziyə “Azəravtoyol” ASC-nin mütəxəssisləri, canlı qüvvə və texnikaları cəlb olunaraq körpünün bərpasına başlanılıb və qısa müddət ərzində bu işlər yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılıb.