İQTİSADİYYAT
Venesiyada Azərbaycanın iqtisadi imkanlarının təşviqi ilə bağlı konfrans keçirilib
Bakı, 24 sentyabr, AZƏRTAC
Venesiya şəhərində İtaliyanın Veneto Regional Hökuməti və İtaliya Ticarət Palataları İttifaqının birgə təşkilatı olan “Veneto Promozione” tərəfindən Azərbaycanın iqtisadi imkanlarının təşviqi ilə bağlı “Azərbaycan: Qafqazın qovşağı, təkcə neft və qaz yox” adlı konfrans təşkil edilib.
Azərbaycanın İtaliyadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbir Veneto regionunun iş adamlarını ölkəmizin iqtisadi potensialı və iş imkanları ilə tanış etmək məqsədini daşıyıb.
Tədbirdə Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə çıxış edərək iş adamlarına Azərbaycanın iqtisadi potensialı, ölkəmizdə aparılan iqtisadi islahatlar, respublikamızın iştirak etdiyi regional əhəmiyyətli layihələr və onların yaratdığı imkanlar, habelə Azərbaycan–İtaliya iqtisadi əməkdaşlığı barədə məlumat verib.
Bundan başqa, tədbirdə Veneto Regional Hökumətinin Beynəlxalq Əlaqələr, Kommunikasiya və Regional Statistika Sistemi Direktorluğunun rəhbəri Diyeqo Vekkiato, İtaliyanın Beynəlxalq Siyasi Elmlər İnstitutu (ISPI) və Ka Foskari Universitetinin professoru Aldo Ferrari, İtaliya Ticarət Agentliyinin (ICE) Bakı ofisinin rəhbəri Luici D’Aprea, SACE – İtaliyanın ixrac kreditləri və maliyyə zəmanətləri üzrə səhmdar cəmiyyətinin nümayəndəsi Benedetta Premuda, “Veneto Promozione” təşkilatının Avropa və MDB ölkələri üzrə meneceri Silvia Semenzato da çıxış ediblər.
Venesiyaya səfəri çərçivəsində səfir M.Əhmədzadə, həmçinin şəhərin meri Luici Brunyaro və Venesiyanın prefekti Domeniko Kuttaya ilə, habelə Veneto regionunun prezidentinin ofisində və Ka Foskari Universitetində görüşlər keçirib. Görüşlərdə əməkdaşlıqla bağlı məsələlər müzakirə edilib.