SİYASƏT


Venesuela parlamentinin sədr müavini: Dövlət rəhbərlərimiz arasındakı isti münasibətlər ölkələrimiz arasında əlaqələrin genişləndirilməsinə öz töhfəsini verir

Bakı, 1 iyul, AZƏRTAC

Azərbaycan Venesuela üçün dost ölkədir. Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduronun iyunda Azərbaycana işgüzar səfəri də bunu sübut edir. Azərbaycan xalqının torpaqlarının işğaldan azad edilməsi uğrunda apardığı mübarizədə şanlı Zəfərindən xəbərimiz var. Uzun müddətdən sonra Azərbaycan ərazi bütövlüyünü öz gücü ilə həll etdi. Venesuela hökuməti Azərbaycan da daxil olmaqla, bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşır. Venesuela Prezidenti Nikolas Maduro və Azərbaycan Prezidenti İlham Əliyev arasındakı sıx münasibətlər əlaqələrimizin genişləndirilməsinə mühüm töhfələr verir.

Bu fikirləri Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında iştirak edən Venesuela Milli Assambleyasının sədr müavini xanım Vanessa Yunet Montero Lopez AZƏRTAC-a məxsusi müsahibəsində deyib.

Ölkələrimiz arasında diplomatik əlaqələrin tarixinə toxunan qonaq bildirib ki, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında iştirak etmək Venesuela hökuməti üçün böyük önəm kəsb edir: “Qoşulmama Hərəkatı sıralarında 120 ölkəni birləşdirməklə BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisatdır. Hərəkat beynəlxalq hüququn norma və prinsiplərini qətiyyətlə müdafiə edir. Parlament Şəbəkəsi parlamentariləri bir araya gətirir ki, bu da əlaqələrin genişləndirilməsi və təcrübə mübadiləsinin aparılması üçün böyük əhəmiyyət kəsb edir. Belə tədbirlər problemləri həll etmək baxımından çox faydalıdır”.

Vanessa Yunet Montero Lopez qeyd edib ki, Qoşulmama Hərəkatına üzv ölkələr hər biri öz tarixinə, dilinə, adət-ənənələrinə, eləcə də bir-birinin azadlığına və suverenliyinə hörmət prinsiplərinə sadiqdir. Qoşulmama Hərəkatı dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsinə, dayanıqlı inkişafın təmin olunmasına öz töhfəsini verir. Parlament Şəbəkəsinin də yeganə məqsədi mövcud qlobal problemlərin həllinə birlikdə nail olmaqdır. Ümid edirəm ki, birgə çalışaraq qarşıya qoyduğumuz məqsədlərə nail ola biləcəyik.

Azərbaycan və Venesuela parlament nümayəndə heyətlərinin ilk görüşündə dostluq qrupunun yaradılması barədə razılığa gəlindiyini vurğulayan qonaq deyib: “Bu qrupun yaradılmasında məqsəd ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsi və müxtəlif sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsidir. Dostluq qrupu bizə Azərbaycanda baş verən bütün hadisələr barədə məlumatlı olmağa imkan verəcək.

“Latın Amerikası ölkəsi olan Venesuelanın nümayəndəsi kimi, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin sədr müavini seçildim. Bu, bizim üçün böyük uğurdur. Həm dostluq qrupunun yaradılması, həm də bu amil ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsi işinə təkan verəcək”, - deyə Vanessa Yunet Montero Lopez qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.