CƏMİYYƏT
Vərəm uzunmüddətli müalicə tələb edir
Bakı, 19 mart, Süleyman Qaradağlı, AZƏRTAC
Vərəm kifayət qədər geniş yayılmış təhlükəli infeksion xəstəlikdir, daha çox antisanitariya şəraitində, gün işığı az düşən yerlərdə və ağır sosial vəziyyətdə yaşayanlar arasında yayılır. Yoluxmanın yüksək olmasına baxmayaraq, onun epidemiyası mövcud deyil. Vərəmin müalicəsi nə bir həftəyə, nə də bir aya başa gəlir. Bunun üçün müəyyən zamana ehtiyac var. Xəstəliyi tez müalicə etməyə çalışdıqda dərmanların təsirindən qara ciyər sıradan çıxa bilər, həmçinin vərəm çöplərində dərmana qarşı rezistentlik yarana bilər.
AZƏRTAC xəbər verir ki, uzun müddət aparılan təcrübələrə əsasən təbiətdə vərəm mikrobakteriyalarını tamamilə məhv etmək mümkün deyil. Çünki nə spirt, nə xlor, nə də formalin həmin çöplərə təsir etmir. Lakin günəş şüalarının təsirindən bakteriyalar 10-15 dəqiqə ərzində məhv olur. Vərəm xəstəsi asqırarkən onun mikrobları 2-3 metr ətraf əraziyə yayılır. ABŞ-ın Miçiqan Universitetinin tədqiqatçı-fizioloqu Alan Polinq vərəm xəstəsinin tüpürcəyini sağlam tüpürcəkdən fərqləndirməyi bacaran xüsusi təlim keçmiş siçanlardan istifadə etmişdir. O, Afrikada yaşayan Qambiya siçanlarının güclü iybilməsi nəticəsində vərəm çöplərini aşkar etməyin mümkünlüyünü öyrənib.
Nyu-Dehlidə yerləşən beynəlxalq gen mühəndisliyi və biotexnologiyası mərkəzinin mütəxəssisləri vərəm xəstəliyi barədə yeni faktlar, infeksiyanın orqanizmdə ölümcül təhlükəli xəstəliyə çevrilməsi və bədəndə kök salması barədə son məlumatları üzə çıxarmışlar. Məlum olub ki, vərəm çöpləri insan bədəninə immun sistemi tərəfindən aşkar edilmədən sakit şəkildə yayılır. Bunun da əsas səbəbi vərəm çöplərinin mezenximal kök hüceyrələri tərəfindən tutulub qorunması və qranulomarda kök salmasıdır. Əslində mezenximal kök hüceyrələri orqanizmə yad agent düşənə qədər sümük iliyində olur, onların əsas vəzifəsi agent bədənə daxil olandan sonra sümük iliyindən çıxıb onu tutub zərərsizləşdirməkdən ibarətdir. Lakin vərəm çöpləri orqanizmə daxil olduqda mezenximal hüceyrələrini öz xeyrinə işləməyə məcbur edir. Bu zaman onlar qranulomalar ətrafında qoruyucu təbəqə əmələ gətirir, həmin təbəqəni isə immun sistem orqanizmin özününkü kimi qəbul edir. İnfeksiya ocaqları ağ ciyər və dalaqda aşkar edilir.