CƏMİYYƏT


“Vərəmin diaqnostika, müalicə və profilaktikasına müasir yanaşmalar” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilir  YENİLƏNİB  

Bakı, 6 noyabr, AZƏRTAC

Noyabrın 6-da Bakıda Səhiyyə Nazirliyi və Dünya Səhiyyə Təşkilatının (DST) texniki və maliyyə dəstəyi ilə “Vərəmin diaqnostika, müalicə və profilaktikasına müasir yanaşmalar” mövzusunda beynəlxalq elmi-praktiki konfrans işə başlayıb.

AZƏRTAC xəbər verir ki, Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti və Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun mütəxəssislərini bir araya gətirən tədbir DST-nin tövsiyələrinə uyğun olaraq vərəmin diaqnozu, müalicəsi və profilaktikasına dair yeni yanaşmalara dair maariflənməni təşviq etmək məqsədi daşıyır.

Konfransda çıxış edən Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru professor Həqiqət Qədirova, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, DST-nin Avropa regionu üzrə nümayəndəsi Sayohat Həsənova, Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin rəisi Rəfail Mehdiyev, DST-nin Azərbaycan ofisinin nümayəndəsi Cəvahir Süleymanova iştirakçıları salamlayıb, tədbirin əhəmiyyətindən danışıblar.

Bildirilib ki, hazırda dünyada geniş yayılmış vərəmlə bağlı məsələlərin işıqlandırılmasına və uşaq vərəmi, dərmanadavamlı vərəmlə mübarizədə yeni tövsiyələrin müzakirəsinə ehtiyac var. Tədbirdə DST-nin Avropa regionu, eləcə də Azərbaycanda epidemioloji vəziyyətin və vərəmə qarşı cavab tədbirlərinin, dərmana qarşı davamlı vərəmin diaqnostikası və müalicə xüsusiyyətlərinin, yeni və dəyişdirilmiş dərman preparatlarının istifadəsi və qısamüddətli müalicə rejimlərinin müzakirə ediləcəyi diqqətə çatdırılıb. DST 2014-cü ilin mayında yeni Qlobal Vərəmlə Mübarizə Strategiyası haqqında qətnamə qəbul edib. Strategiya 2015-2035-ci illər ərzində vərəmdən ölənlərin sayını 95, yeni yoluxma hallarını isə 90 faiz azaltmağı nəzərdə tutur. Bundan əlavə strategiya vərəmə görə ailənin ödəməli olduğu yüksək xərcləri aradan qaldıraraq, qlobal vərəm epidemiyasına son qoymağı da hədəfləyir. DST Azərbaycan da daxil olmaqla bütün üzv dövlətlərin vərəmin erkən diaqnostikası, dərmana davamlı vərəmə yoluxan insanların müalicəsi, xəstələrə xidmət sistemi, İİV ilə bağlı koinfeksiya, vərəmin profilaktikası və vaksinasiya addımlarının icrasını, eləcə də strategiya və onun hədəflərinin ölkə səviyyəsinə uyğunlaşdırılması işini dəstəkləyir.

Çıxış edənlər vərəmin sadəcə səhiyyə sahəsini deyil, digər sektorları da əhatə etdiyini, bu səbəbdən də birgə mübarizənin vacibliyini diqqətə çatdırıb, konfransın işinə uğurlar arzulayıblar.

Konfrans öz işini sessiyalarla davam etdirib.

İlk sessiyada S.Həsənova Avropa regionunda vərəm üzrə epidemioloji vəziyyət və cavab tədbirləri barədə məlumat verib. O, 2016-cı ilin nəticələrinə əsasən Avropada 290 min vərəm xəstəsinin olduğunu və vərəmlə xəstələnmə göstəricilərinin 100 min nəfərə 32 nəfər təşkil etdiyini deyib: “Avropada vərəmdən əziyyət çəkən uşaqların sayı 32, qadınların sayı isə 87 minə bərabərdir. Regionda vərəm qeyri-bərabər paylanıb. Hər 20 dəqiqədən bir regionda bir nəfər vərəm səbəbindən vəfat edir. Hər gün 13 uşaq isə vərəmin qurbanı olur. Lakin 2002-2006-cı illərin nəticələrinə əsasən vərəmin azalma tempi Avropada ən yüksək göstəricilərə - 4-4,5 faizə bərabər olub. Regionda ölüm halı ortalama olaraq 100 min nəfərdən 2,8-də qeydə alınıb. Buna baxmayaraq, hər il vərəm və İİV-ə yoluxanların sayı 12-13 faiz artır. Bu xəstəliklərdən ölüm hallarında da artım müşahidə edilir. Nəticələrə görə, 100 faiz vərəmli xəstənin 80 faizi İİV müayinəsindən keçir. Onlardan 70 faizində ikili virus, yəni həm İİV, həm də vərəm aşkarlanır. Onlardan 65 faizi antiretravirus terapiyası alır. Bununla yanaşı, regionda hər 5 nəfərdən biri dərmanadavamlı vərəmdən əziyyət çəkir. DST-nin məqsədi 2020-ci ilə qədər dərmanadavamlı vərəmin müalicəsini 75 faizədək artırmaqdır”.

Sonra H.Qədirova Azərbaycanda vərəm üzrə epidemioloji vəziyyət və cavab tədbirləri haqqında məlumat verib. O, bildirib ki, ötən il Azərbaycanda vərəmə yoluxmuş 3871 ilkin xəstə qeydə alınıb: “Vərəmlə xəstələnmə göstəricilərinə əsasən bu problemə hər 100 min nəfərdən 39,8-də rast gəlinir. Bu göstərici rayonlar üzrə qeyri-bərabər paylanıb. Vərəmin yüksək göstəriciləri Bərdə, Mingəçevir, Yevlax, Göyçay və Qazaxda müşahidə edilib. Bakterioloji təsdiq olunmuş ağciyər vərəmi halları 69 faizə bərabər olub. Bu xəstəlikdən təkrar müalicə olunan 3258 xəstə qeydə alınıb və aşkar olunan bütün həssas vərəmli xəstələr birinci sıra dərmanlarla müalicəyə cəlb edilib. Ötən il dərmanlarahəssas vərəmli xəstələrin uğurlu müalicə nəticələri ilkin həssas vərəmli xəstələr arasında 84, təkrar müalicə olunanlar arasında isə 74 faiz təşkil edib və 1007 dərmanlaradavamlı vərəm xəstəsi aşkarlanıb. Onların uğurlu müalicə nəticələri 59 faiz, ölüm halları isə 16 faiz təşkil edib. Ötən il aşkar olunmuş vərəm xəstələrinin 60 faizi kişilər, 30 faizi qadınlar, 10 faizi isə uşaqlardır. Böyüklər və 18 yaşadək uşaqlar arasında xəstəliyin gecikmiş və yayılmış formaları azalıb. Son 4 ildə uşaq və yeniyetmələr arasında vərəmlə xəstələnmə göstəricilərində stabilləşmə qeydə alınır. Qadınlar arasında isə əksinə artım var. Vərəmli xəstələrin İİV müayinəsinə cəlbolunma göstəricisi ölkə üzrə 81 faiz təşkil edib. Yalnız dörd rayonda-Tərtər, Neftçala, Göygöl və Lerikdə bu müayinələr 100 faiz aparılıb. Cəlilabad, Abşeron, Bərdə, Şamaxı və Füzuli rayonlarında vərəmli xəstələrin İİV müayinəsinə cəlb olunması 50 faizdən az olub. Ötən il 440 nəfər vərəmdən dünyasını dəyişib ki, bu da hər 100 min insandan 4,5 nəfər deməkdir”.

Direktor Azərbaycanda vərəm üzrə vəziyyətin stabilləşdiyini də xüsusi vurğulayıb.

“Bu ilin 6 ayı ərzində Azərbaycanda ilkin vərəmlə xəstələnmə göstəricisi 1886 nəfər olub. Onlardan 1016-sı bakterioloji olaraq, 437-si kliniki təsdiqlənmiş, 433-ü ağciyərdən kənar ilkin xəstələrdir. Həmçinin eyni zaman aralığında respublika ərazisində ağciyər vərəminin kliniki formalarından olan ocaqlı vərəmdən 251, infiltrativ vərəmdən 1145, gecikmiş vərəm formalarından isə 74 nəfərin əziyyət çəkdiyi aşkarlanıb. Uşaq və yeniyetmələr arasında 2 nəfərdə ilkin vərəm kompleksi, 31 nəfərdə ocaqlı, 81 nəfərdə infiltrativ vərəm, 7 nəfərdə isə vərəmin gecikmiş formasına rast gəlinib. Ağciyərdən kənar vərəm xəstəliyindən isə vərəm plevriti daha çox qeydə alınıb. Belə ki, 6 ay ərzində 237 nəfər bu xəstəliyə yoluxub. Keçən ilin iyunundan bu ilin oktyabr ayına kimi geniş saylı dərmanlaradavamlı 345 xəstədən 325 nəfəri müalicəyə cəlb olunub. Onlardan 11 nəfəri müalicədən imtina edib, 14-ü dünyasını dəyişib, 11-i rejimi pozub, 1-i isə Gürcüstana köçürülüb. Müalicəyə başlamayan 20 nəfərdən isə 11-i vəfat edib”,-deyə H.Qədirova bildirib.

Tədbir “Dərmanlaradavamlı vərəm: diaqnostika və müalicə”, “Vərəm/İİV koinfeksiyası” sessiyası üzrə təqdimat və müzakirələrlə davam edib.

Qeyd edək ki, konfransın işinə noyabrın 7-də yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.