İQTİSADİYYAT
Vergi Məcəlləsinə dəyişikliklərin məqsədlərindən biri də səmərəli vergi nəzarəti sisteminin qurulmasıdır

Bakı, 9 fevral, AZƏRTAC
Uçot və qeydiyyatla bağlı Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin əsas məqsədi səmərəli vergi nəzarəti sisteminin qurulması, vergiödəyicilərinin və onların təsərrüfat subyektlərinin uçotunun təkmilləşdirilməsi yolu ilə effektiv vergi nəzarətinin təmin olunmasıdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin dövlət qeydiyyatı və uçota nəzarət departamentinin baş direktoru Ələkbər Məmmədov deyib.
Onun sözlərinə görə, vergi nəzarəti formalarından biri uçota nəzarətdir. Vergilər Nazirliyinin mövcud informasiya sisteminin və digər dövlət qurumlarının məlumatlarına əsasən, Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq, vergiödəyicilərinin və uçot vahidlərinin uçotunun aparılmasını əhatə edən vergi nəzarəti həyata keçirilir: “Bu nəzarət vergiödəyicilərinin, təsərrüfat subyektlərinin (obyektlərinin), nəzarət-kassa aparatlarının və POS-terminalların uçota alınmasını, bank hesablarının açılmasını, baza məlumatları ilə vergiödəyicilərinin faktiki vəziyyəti arasındakı kənarlaşmaların aşkar olunmasını və müvafiq tədbirlərin görülməsini əhatə edir. Vergi Məcəlləsinin cari il yanvarın 1-dən qüvvəyə minmiş müddəalarına əsasən, vergiödəyicilərinin uçot məlumatları ilə faktiki məlumatları arasında hər hansı kənarlaşma müəyyən olunduqda, vergi orqanı tərəfindən vergiödəyicisinə məlumat verilməklə uçot məlumatlarının dürüstləşdirilməsi hüququ müəyyən edilib. Məcəllənin 34.7.2-ci maddəsinə əsasən, vergi nəzarəti tədbiri zamanı vergiödəyicisinin uçot məlumatlarından fərqli məlumatlar əldə olunarsa, bu barədə vergiödəyicisinə bildiriş göndərilir. Bildiriş göndərildikdən 5 iş günü müddətində vergiödəyicisi dəyişikliklərə dair ərizə təqdim etməzsə, uçot məlumatlarında dəyişikliklər vergi orqanı tərəfindən aparılır və bu barədə 3 iş günü müddətində vergiödəyicisinə məlumat verilir”.
Ə.Məmmədov əlavə edib ki, vergiödəyicilərinin uçot məlumatları ilə faktiki məlumatları arasında hər hansı kənarlaşma müəyyən olunduqda, vergi orqanı tərəfindən vergiödəyicisinə məlumat verilməklə uçot məlumatlarının dürüstləşdirilməsi hüququ müəyyən edilib.