İQTİSADİYYAT


Vergi Məcəlləsinə edilən dəyişikliklərin tətbiqi tarixi ilə bağlı nələrə diqqət yetirilməlidir?

Bakı, 25 yanvar, AZƏRTAC

Vergi Məcəlləsinə edilmiş dəyişikliklər cari ilin yanvarın 1-dən qüvvəyə minsə də, dəyişikliyə əlavə edilən keçid müddəalarına əsasən, bəzi maddələrin tətbiqi tarixi fərqlidir.

AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, mövzuya aydınlıq gətirən vergi mütəxəssisi Xəyal Feyzullayevin sözlərinə görə, Vergi Məcəlləsinə yeni “Aksizli malların (neft məhsulları istisna olmaqla) təsərrüfatdaxili yerdəyişməsi barədə” e-qaimənin tərtib edilməsi haqqında maddə əlavə edilib. Bu maddənin tətbiqi 2022-ci ilin iyulun 1-dən qüvvəyə minir: “Yəni, e-qaimələrin tərtib olunması 2022-ci il yanvarın 1-dən deyil, həmin ilin iyulun 1-dən məcburidir. Onu da qeyd edək ki, bu qaimələr aksizli malların istehsalçıları və ya idxalçıları tərəfindən tərtib edilməlidir. Həmçinin məcəlləyə yeni əlavə edilən 71-3-cü maddə “Elektron əmtəə-nəqliyyat qaiməsi və yük avtonəqliyyatı üçün elektron yol vərəqi”nin tətbiqi bu barədə təsdiq ediləcək “elektron əmtəə-nəqliyyat qaiməsinin və yük avtonəqliyyatı üçün elektron yol vərəqinin forması, tətbiqi, uçotu və istifadəsi qaydası” ilə eyni gündə qüvvəyə minir”.

X. Feyzullayev qeyd edib ki, Vergi Məcəlləsinə edilən daha bir önəmli dəyişiklik 130-cu maddə ilə bağlıdır. Belə ki, 2022-ci ilin yanvarın 1-dək vergiödəyicilərinin meyarlarından (iri, orta, kiçik, mikro) asılı olmayaraq, hər kəs gəlir və xərclərin uçotunu kassa və hesablama metodundan istifadə etməklə aparmaq hüququna malik idi. Məcəllənin 130.4-cü maddəsinə edilən dəyişikliklərə əsasən, bundan sonra yalnız mikro sahibkarlıq subyektləri olan şəxslər gəlir və xərclərin uçotunu kassa metodu ilə aparacaqlar. Buna baxmayaraq, kiçik sahibkarlıq subyektləri də 2022-ci il üçün gəlir və xərclərin uçotunu kassa metodu ilə apara bilərlər. Yəni, məcəlləyə dəyişikliklə əlaqədar əlavə edilmiş keçid müddəalarına görə orta və iri sahibkarlar bu il yanvarın 1-dən, kiçik sahibkarlar isə 2023-cü il yanvarın 1-dən kassa metodunu tətbiq edə bilməyəcəklər.

Vergi mütəxəssisi, həmçinin əlavə edib ki, bu dəyişikliklə əlaqədar indiyədək gəlir və xərclərin uçotunu kassa metodu ilə aparan orta və iri sahibkarlıq subyektləri 2022-ci il yanvarın 1-dək, kiçik sahibkarlıq subyektləri isə 2023-cü il yanvarın 1-dək yaranan debitor və kreditor borcları barədə məlumatı (məlumat forması müvafiq dövlət orqanı tərəfindən müəyyən edilir) iri və orta sahibkarlıq subyektləri 2022-ci il martın 31-dək, kiçik sahibkarlıq subyektləri isə 2023-cü il martın 31-dək vergi orqanına təqdim edirlər.

Bundan başqa, Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, alkoqollu içkilər, tütün məmulatlarının alışı zamanı ödənilən ƏDV-nin geri qaytarılması dayandırılır.

Lakin bu, Vergi Məcəlləsinin qüvvəyə mindiyi 2022-ci il yanvarın 1-dən deyil, 2022-ci il oktyabrın 1-dən tətbiq ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.