İQTİSADİYYAT


Vergi Məcəlləsinin 300-dən çox maddəsinə edilən dəyişikliyin əksəriyyəti "kölgə iqtisadiyyatı"nın aradan qaldırılmasına yönəldilib

Bakı, 8 aprel, AZƏRTAC 

Vergi Məcəlləsinin 300-dən çox maddəsinə edilən dəyişikliyin əksəriyyəti "kölgə iqtisadiyyatı"nın aradan qaldırılmasına yönəldilib.

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, 2019-cu il üzrə vergi xidmətinin əsas prioritetləri dəyişməz qalır. Bu, ilk növbədə, "kölgə iqtisadiyyatı"nın aradan qaldırılması istiqamətində görüləcək işlərdir.

Nazirlik "kölgə iqtisadiyyatı"nın və vergidən yayınmanın miqyasının azaldılması, gəlirlərin leqallaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirir. Buraya, ilk növbədə, vergi qanunvericiliyinə edilmiş dəyişikliklər və vergi-gömrük əlaqələndirilməsi yolu ilə uçotun izlənilməsi imkanlarının bərqərar olması - vahid risk platformasının yaradılması daxildir.

Vergi Məcəlləsinin 300-dən çox maddəsinə dəyişiklik edilib ki, bunların böyük əksəriyyəti "kölgə iqtisadiyyatı"nın aradan qaldırılmasına yönəldilib. Buraya, ilk növbədə, özəl sektorda çalışan işçilərin əməkhaqqından tutulan gəlir vergisi üzrə vergi yükünün əhəmiyyətli dərəcədə azaldılması, əmək müqaviləsi bağlamadan işçilərin işə cəlb olunmasına görə işəgötürənə tətbiq edilən maliyyə sanksiyalarının artırılması, malların sənədsiz dövriyyəsinə, o cümlədən malların sənəd təqdim edilmədən satılmasına və alınmasına, habelə xərclərin sənədlərlə rəsmiləşdirilməməsinə və vergidən azad olunan gəlirlərin sənədləşdirilməməsinə və bəyan edilməməsinə görə maliyyə sanksiyalarının tətbiqi, dövlət orqanları ilə aparılan elektron məlumat mübadiləsinin genişləndirilməsi daxildir.

Bundan başqa, səyyar vergi yoxlamalarının sayının kəskin azaldılması, biznes əməliyyatlarının elektron qaimə-faktura ilə rəsmiləşdirilməsi, aksizli məhsullar üzərində nəzarət tədbirlərinin gücləndirilməsi, iri biznes subyektləri ilə müntəzəm görüşlərin keçirilməsi mühüm addımlar hesab edilə bilər.

2018-ci ildə "kölgə iqtisadiyyatı"nın miqyasının azaldılması vergi xidmətinin başlıca istiqaməti olub. Bəzi sektorlarda, xüsusilə aksizli malların istehsalı və satışı, tibbi xidmətlər sektoru, şəbəkə ticarəti kimi sahələrdə nəzarət tədbirləri gücləndirilib. Vergi orqanlarının keçən il iri topdansatış müəssisələrində apardığı vergi nəzarəti tədbirləri zamanı 930 milyon manat, şəbəkə marketləri üzrə 122 milyon manat, özəl tibb xidmətləri sahəsində 230 milyon manatdan çox dövriyyənin gizlədildiyi aşkar olunub. Bu rəqəmlər yalnız vergi orqanlarının nəzarət tədbirlərinə cəlb olunmuş bəzi sektorlardakı vergiödəyicilərini əhatə edir. Bu, milyonlarla manat verginin və sosial ödəmələrin büdcədən yayındırılması deməkdir.

"Kölgə iqtisadiyyatı"nın vergi gəlirlərini azaltması və sosial müdafiə sisteminin maliyyələşməsini zəiflətməsi kimi mənfi makroiqtisadi təsirlərlə yanaşı, şirkətlər arasında ədalətli rəqabəti aradan qaldıran mikroiqtisadi təsirlər də mövcuddur. Sahibkarların böyük əksəriyyəti ədalətli, rəqabətli bir mühitdə çalışmaq niyyətindədir. Məhz bu səbəbdən, vergi qanunvericiliyinə edilmiş son dəyişikliklərdə aparılan islahatlara etimadı artırmaq üçün bu dəyişikliklər uzunmüddətli güzəştlər sistemi ilə möhkəmləndirilib.

Vergilər Nazirliyi biznes münasibətlərinin digər tərəfi olan vətəndaşları da bu prosesə cəlb etmək niyyətindədir. Yalnız inzibati mexanizmlə yüksək nəticəyə nail olmaq mümkün deyil, mütləq təşviq mexanizmi də formalaşdırılmalıdır. Başqa sözlə, nağdsız və nağd alış-verişdə ƏDV-nin geri qaytarılması yolu ilə vətəndaşı bu prosesə qoşaraq ümumi biznesin leqallaşdırılmasına nail olmaq mümkündür.

Həmçinin elektron ödəmələrin geniş tətbiqi "kölgə iqtisadiyyatı"nın miqyasını azaltmağa kömək etməklə, onun qarşısını alan ən mühüm amildir. Elektron ödəmələrin çoxluq təşkil etdiyi Böyük Britaniya və Qərbi Avropa ölkələrində "kölgə iqtisadiyyatı" çox cüzidir. Araşdırmalara görə, ardıcıl 4 il müddətində elektron ödəmələrin həcminin illik 10 faiz artırılması "kölgə iqtisadiyyatı"nın həcmini 5 faiz aşağı salır. İşveç kimi bir ölkədə restoranlar artıq nağd ödəniş qəbul etmir.

Azərbaycanda "kölgə iqtisadiyyatı"nın səviyyəsi haqqında beynəlxalq təşkilatlar və yerli müstəqil ekspertlər tərəfindən müxtəlif fikirlər səsləndirilir və onun həcminin azaldılması tövsiyə olunur. Ölkəmizdə son illərdə aparılan köklü islahatlar nəticəsində "gizli iqtisadiyyat"ın həcmi getdikcə azalsa da, onun mövcud miqyası hələ də arzuolunan səviyyədə deyil. Vergilər Nazirliyi iqtisadiyyatın "kölgədən" çıxarılması istiqamətində tədbirləri bundan sonra davam etdirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.