İQTİSADİYYAT
Vergi Ombudsmanı Gürcüstanda səfərdə olub
Bakı, 17 may, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət Baş İdarəsinin rəisi, Vergi Ombudsmanı Elçin Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti Gürcüstanda səfərdə olub.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, Elçin Məmmədov Vergi Ombudsmanının fəaliyyətinin təkmilləşdirilməsi və bu sahədə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə Gürcüstanın Biznes Ombudsmanının müavini Quram Giorqadze ilə görüşüb. Görüşdə qonşu dövlətin Biznes Ombudsmanı institutunun yaranma tarixçəsi, fəaliyyətinin əsas istiqamətləri barədə məlumat verilib, diqqətçəkən məqamlar barədə fikir mübadiləsi aparılıb.
DVX nümayəndələrinin Gürcüstan Gəlirlər Xidməti Vergi metodologiyası və Vergi ödəyicilərinə xidmət departamentlərinin mütəxəssisləri ilə görüşündə həyata keçirilən islahatlar barədə təqdimat nümayiş etdirilib, vergi xidmətinin strukturu, vergi sisteminin vacib elementləri, vergi qanunvericiliyinin və inzibatçılığının əsasları, tətbiq edilən bəzi vergi güzəştləri, habelə vergiödəyicilərinin məlumatlandırılması prosesləri haqda ətraflı məlumat verilib. Tərəflər arasında vergiödəyicilərinin qeydiyyatı, elektron xidmətlərdən istifadə və digər məsələlər ətrafında müzakirələr aparılıb. Sonra DVX nümayəndələri Tbilisi şəhərinin Vake-Saburtalo rayonu üzrə vətəndaşlara xidmət mərkəzində olublar.
Gürcüstan Gəlirlər Xidmətinin Analitik Departamentində keçirilən görüşdə DVX nümayəndələri qurumun vergi inzibatçılığının təhlil imkanları ilə tanış olublar. Nümayəndə heyətinə qanunauyğunluğun artırılması strategiyasının başlıca istiqamətləri, mövcud əsas risklərin təhlili, prioritetlərin müəyyən edilməsi, həmçinin kameral qaydada vergilərin yoxlanmasına aid Gürcüstan təcrübəsi barədə məlumat verilib.
Səfərin yekununda DVX nümayəndələri Gürcüstan Vergi Xidmətinin Çağrı Mərkəzinin fəaliyyəti ilə tanış olublar.