İQTİSADİYYAT
Vergi Xidmətinin Tədris Mərkəzində aktivlərin qiymətləndirilməsi ilə bağlı təlimə başlanılıb
Bakı, 16 oktyabr, AZƏRTAC
Dövlət Vergi Xidmətinin (DVX) Tədris Mərkəzində dövlət vergi orqanlarının, eləcə də Baş Prokurorluğun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin əməkdaşları üçün “Aktivlərin qiymətləndirilməsi və onun xüsusiyyətləri” mövzusunda təlim keçirilir.
Dövlət Vergi Xidmətindən AZƏRTAC-a verilən məlumata əsasən, təlim Tədris Mərkəzinin, Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin, qiymətləndirmə üzrə beynəlxalq sertifikata malik olan “ABAK-Az Crowe Ltd” MMC-nin mütəxəssisləri tərəfindən aparılır.
DVX-nin Tədris Mərkəzi təlimin mövzusu ilə bağlı İqtisadiyyat Nazirliyinin müvafiq strukturları, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin əməkdaşları, habelə qiymətləndirmə fəaliyyəti üzrə respublikanın bir çox tanınmış, müvafiq lisenziya və akkreditasiya sənədlərinə malik yüksəkixtisaslı mütəxəssisləri ilə müzakirələr aparıb, aktivlərin qiymətləndirilməsi və onun xüsusiyyətlərini kompleks şəkildə özündə əks etdirən təlim proqramı hazırlayıb.
Təlim modulu qiymətləndirmənin normativ əsası, əsas növləri, standartları, qiymətləndirmə mühiti və obyekti, qiymətləndirmədə tətbiq olunan metod və yanaşmalar, biznesin qiymətləndirilməsi və sair bu kimi aktual mövzuları əhatə edir.
Təlim prosesi çərçivəsində konkret kazus əsasında qiymətləndirmə prosesinin əyani şəkildə həyata keçirilməsi, dövlət vergi orqanlarının dinləyici qismində cəlb ediləcək əməkdaşlarının Baş Prokurorluğun qiymətləndirmə fəaliyyəti üzrə mütəxəssisləri ilə təcrübə mübadiləsi aparmaq, müvafiq sahə üzrə nəzəri və təcrübi biliklərini bölüşmək imkanının əldə olunması nəzərdə tutulub.