İQTİSADİYYAT


Vergi əməkdaşları üçün təlim-tədris proqramı, sosial və mədəni tədbirlər keçirilib

Bakı, 5 may, AZƏRTAC

Dövlət Vergi Xidməti (DVX) tərəfindən əməkdaşların stimullaşdırılması, əmək məhsuldarlığının yüksəldilməsi və motivasiyanın gücləndirilməsinə nail olmaq məqsədilə onların iş fəaliyyətinin qiymətləndirilməsi və asudə vaxtlarının səmərəli təşkilinə xüsusi diqqət yetirilir. Obyektiv qiymətləndirmə metodları əsasında xidməti fəaliyyəti zamanı fərqlənən əməkdaşlar üçün təlim-tədris proqramı, sosial və mədəni tədbirlər təşkil edilir.

Vergi Xidmətinin Media və kommunikasiya idarəsindən AZƏRTAC-a bildirilib ki, DVX-nin ayrı-ayrı strukturlar üzrə fərqlənmiş əməkdaşları üçün Tədris Mərkəzinin Şamaxı rayonunda yerləşən inzibati binasında ikigünlük mədəni istirahət proqramı təşkil olunub. Tədris Mərkəzinin rəisi vəzifəsini icra edən Mirəli Kazımov, Bakı Dövlət Universitetinin “Əmək və ekologiya hüququ” kafedrasının müdiri Alış Qasımov, tanınmış təlimçi Fəxri Ağayev əməkdaşlar üçün maraqlı mövzularda çıxış ediblər.

Tədbir çərçivəsində iştirakçıların Şamaxı rayonunun Dəmirçi kəndinə səfəri təşkil olunub. Onlar Dəmirçi Arxeologiya Muzeyi, Dəmirçi emalatxanası və “Dəmiçi Məscidi”ni ziyarət ediblər. Əməkdaşlar Şamaxı Astrofizika Rəsədxanasında da olublar. Tədbir zamanı şahmat, nərd, dama və stolüstü tennis oyunları üzrə idman turnirləri keçirilib. Turnirlərin qaliblərinə Tədris Mərkəzinin rəhbərliyi tərəfindən sertifikat və hədiyyələr təqdim edilib.

DVX-nin əməkdaşları onlar üçün yaradılmış təkmil işgüzar mühiti, stimullaşdırıcı alətləri, təlim və tədris proqramlarını, o cümlədən asudə vaxtın təşkili istiqamətində həyata keçirilən tədbirləri yüksək qiymətləndiriblər. Belə tədbirlərin onların fəaliyyətinə və işdə məhsuldarlığın daha da artmasına töhfə verdiyini bildiriblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.