İQTİSADİYYAT


Vergi, gömrük və hesabatlılıq qanunlarının uyğunluğunun qiymətləndirilməsi layihəsinin təqdimatı olub

Bakı, 28 sentyabr, AZƏRTAC

Sentyabrın 28-də “Family Health International” (FHI 360) çərçivəsində ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti layihəsi xətti ilə “QHT və özəl sektorda tətbiq olunan vergi, gömrük və hesabatlılıq qanunlarının yararlılığının və uyğunluğunun qiymətləndirilməsi” adlı layihənin təqdimatı keçirilib.

Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, təşkilat komitəsinin rəhbəri Həlimə Tağıyeva tədbiri açdıqdan sonra Vətən müharibəsinin başlanmasının 1 illiyinə həsr olunmuş Anım Günü ilə bağlı video izlənilib, torpaqlarımız uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi yad edilib.

Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin rəisi vəzifəsini müvəqqəti icra edən, Milli Mühasiblər Forumunun sədri Mirəli Kazımov tədbirin Vətən müharibəsinin başlanmasının 1 illiyinə təsadüf etdiyini, Azərbaycanın Ali Baş Komandanının rəhbərliyi ilə bu haqq savaşında Zəfər qazandığını qeyd edib.

Sonra tədbirdə son illərdə özəl sektorun fəaliyyətində şəffaflığın təmin edilməsi, “kölgə iqtisadiyyatı”nın qarşısının alınması, kommersiya qurumlarının hesabatlılığı üzərində vergi-gömrük nəzarətinin artması barədə məlumat verilib. Bildirilib ki, özəl sektorda tətbiq olunan vergi, gömrük və digər hesabatlılıq məsələləri ilə bağlı inzibatçılığın artması bu sahədə fəaliyyət göstərən maliyyəçi və mühasiblərin də işinə tələblərin artmasına gətirib.

Milli Mühasiblər Forumunun sədr müavini, Gənc Mühasiblər İctimai Birliyinin sədri Solmaz Əliyeva layihə haqqında iştirakçılara məlumat verib.

Daha sonra Dövlət Vergi Xidmətinin əməkdaşları “Vergi qanunvericiliyi” mövzusunda təqdimatlarla çıxış ediblər.

“Dəyirmi masa”da Maliyyə Nazirliyinin, Dövlət Vergi Xidmətinin, Dövlət İmtahan Mərkəzinin, KOBİA-nın, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri, müstəqil iqtisadçı ekspertlər və mühasiblər iştirak ediblər.

Tədbir çərçivəsində, həmçinin “Peşəkar mühasibin imtahanı” mövzusunda sual-cavab sessiyası keçirilib. İştirakçılara peşəkar mühasib hüququnun əldə edilməsi, “Mühasibat uçotu haqqında” Qanuna uyğun olaraq peşəkar mühasiblər üçün nəzərdə tutulmuş müvafiq sertifikatlar üzrə imtahanların keçirilməsi, bu sertifikatların növünə uyğun peşəkar mühasib xidməti göstərmək hüququ barədə ətraflı məlumat verilib.

Qeyd olunub ki, layihə çərçivəsində sorğular və müzakirələr nəticəsində toplanmış rəylər əsasında yekun təkliflər hazırlanaraq müvafiq dövlət qurumlarına təqdim ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.