İDMAN
Vergi işçiləri arasında şahmat turniri keçirilir
Bakı, 13 aprel, AZƏRTAC
Vergi xidməti əməkdaşları arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş 14-cü ənənəvi şahmat turnirinə start verilib. Turnir Gənclər və İdman Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə Vergilər Nazirliyi tərəfindən təşkil olunub.
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, vergilər nazirinin müavini Sahib Ələkbərov Azərbaycanda şahmatın zəngin inkişaf tarixi barədə danışıb və uzun illərdən bəri ölkəmizdə böyük şahmatçıların yetişdiyini bildirib.
Qeyd edib ki, ölkədə şahmatın daha sürətlə inkişaf etməsi, şahmatçılarımızın beynəlxalq səviyyədə uğurlarının artması Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ötən əsrin 70-ci illərində ölkəmizə rəhbərlik etməyə başlamasından sonra geniş vüsət alıb.
S.Ələkbərov vurğulayıb ki, şahmatçılarımızın dünya və Avropa çempionatlarında, beynəlxalq turnirlərdə qazandıqları qələbələr respublikamızın gəncləri arasında şahmata marağı daha da artırır. Ölkəmizdə şahmatın inkişafına böyük diqqət yetirən Prezident İlham Əliyevin dəstəyi sayəsində təkcə paytaxt Bakıda deyil, bölgələrdə də nüfuzlu şahmat yarışları keçirilir, dünyanın ən tanınmış şahmatçılarının bu yarışlarda iştirakı Azərbaycanın onun hüdudlarından kənarda da tanıdılmasında mühüm rol oynayır.
Artıq 4 ildir ki, ardıcıl olaraq Şəmkir şəhərində keçirilən, Azərbaycanın tanınmış şahmatçısı Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq şahmat turnirində FIDE reytinqində ən yüksək pillələrdə olan şahmatçılar, o cümlədən hazırkı və keçmiş dünya çempionları da iştirak edirlər.
S.Ələkbərov yarış iştirakçılarına uğurlar arzulayıb.
Nazirliyin müxtəlif struktur bölmələrinin 44 əməkdaşının iştirak etdiyi Olimpiya sistemi üzrə keçirilən turnir mayın 4-də başa çatacaq.