İQTİSADİYYAT


Vergi öhdəliyinin yerinə yetirilməsi müddətlərində dəyişiklik olunub

Bakı, 22 yanvar, AZƏRTAC

Vergi öhdəliyinin yerinə yetirilməsi müddətləri və həmin müddətlərin dəyişdirilməsi Vergi Məcəlləsinin 85-ci maddəsi ilə tənzimlənir. Qeyd olunan maddəyə 2022-ci il yanvarın 1-dən bir sıra dəyişikliklər edilib.

AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, Vergi Məcəlləsinin 85.6-cı maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsi müddətləri aşağıda göstərilən halların biri olduqda, bu məcəllə ilə müəyyən edilmiş müddətdən daha gec müddətə dəyişdirilə bilər:

- təbii fəlakət, təhlükə potensiallı obyektlərdə baş verən qəzalar və ya digər qarşısı alınmaz qüvvə nəticəsində vergiödəyicisinə zərər dəydikdə. Bu halda vergiödəyicisi hadisənin baş verməsi və onun nəticəsində dəymiş zərərin məbləği barədə müvafiq dövlət orqanlarının arayışlarını təqdim etməlidir;

- vergi borcunu bir dəfəyə ödədiyi təqdirdə, vergiödəyicisinin iflasa uğramaq təhlükəsi olduqda;

- “Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət sifarişlərinin yerinə yetirilməsi ilə əlaqədar olaraq vergiödəyicisi tərəfindən yerinə yetirilmiş dövlət sifarişi üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilmiş sifarişçinin borclu olduğunu təsdiq edən arayış təqdim edildikdə;

- vergiödəyicisi tərəfindən yalnız mövsümi xarakterli malların təqdim edilməsi, işlər görülməsi və ya xidmətlər göstərilməsi həyata keçirildikdə.

Qeyd olunub ki, vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılması üçün vergiödəyicisi tərəfindən vergi növü (növləri) üzrə vergi orqanına yazılı müraciət təqdim edilməlidir. Həmçinin vergi orqanının qərarı ilə vergi öhdəliyinin yerinə yetirilməsi müddəti uzadıldığı halda, həmin borca müraciət edilmə tarixindən və müddətin uzadıldığı dövr ərzində faizlər hesablanmır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.