İQTİSADİYYAT
Vergi orqanı hansı hallarda sərəncam verir?
Bakı, 18 sentyabr, AZƏRTAC
Vergiödəyicisi vergi öhdəliyini qanunvericilikdə nəzərdə tutulmuş müddətdə yerinə yetirmədikdə vergi orqanı ona hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair bildiriş göndərir.
Mövzunu AZƏRTAC-a şərh edən maliyyə mütəxəssisi Vüqar Mirheydərov bildirib ki, vergi orqanı aşağıdakı hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergiödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verir:
- vergiödəyicisi tərəfindən hesablanmış və bəyan edilmiş vergilər 5 gün ərzində ödənilmədikdə;
- vergi orqanının hesabladığı vergilər, faizlər və tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergiödəyicisi tərəfindən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) şikayət verilmədikdə.
V.Mirheydərov qeyd edib ki, icra sənədi kimi qəbul edilən sərəncam vergiödəyicisinin banklarda açdığı bütün hesablarına şamil edildiyinə görə, eyni sərəncam vergiödəyicisinin hesabının olduğu bütün banklara göndərilir. Vergi Məcəlləsinin 65.8 maddəsinə əsasən, borc vergiödəyicisinin hansısa bir hesabında dondurulduqda və ya hesabdan alındıqda vergi orqanı digər banklara və ya kredit təşkilatlarına verilən sərəncamların dərhal geri qaytarılmasını təmin edir: “Bu maddəyə əsasən, vergiödəyicisi bank və ya digər kredit təşkilatına büdcəyə borcunun alınmasını (ödənilməsini) təsdiq edən sənəd təqdim etdikdə bank alınmış (ödənilmiş) həmin məbləğ həcmində vergiödəyicisinin vəsaitini hesabda dondurmaqla belə vəsaitlər üzrə sərəncamın icrasını dayandırır. 2018-ci il noyabrın 30-da Vergi Məcəlləsinin 65-ci maddəsinə edilmiş dəyişikliyə əsasən, sərəncamın verilməsi vergiödəyicisinin yalnız məhkəməyə müraciət etməsi nəticəsində yox, Dövlət Vergi Xidmətinin müvafiq qurumuna şikayət verməklə də təxirə salına bilər”.
Digər mühüm dəyişiklik isə sərəncamın bir neçə banka göndərildiyi və borcun bunlardan birində ödənildiyi halda digər hesablardakı vəsaitdən istifadə etmək üçün vergi orqanı tərəfindən sərəncamın geri qaytarılmasını gözləmək məcburiyyətinin aradan qaldırılmasıdır.