İQTİSADİYYAT


Vergi orqanları bu ilin 4 ayı ərzində əmək müqaviləsiz işə cəlb edilən 1557 şəxs aşkar edib

Bakı, 26 may, AZƏRTAC

Vergi orqanlarının apardığı yoxlamalar zamanı vergiödəyicisi tərəfindən işçilərin əmək müqaviləsiz işə cəlb olunması faktlarını aşkara çıxarmaq məqsədilə Vergi Məcəlləsinin 58.10-cu maddəsi tətbiq edilir.

AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, bu fikirləri Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və uçota nəzarət Baş İdarəsinin Sosial sığorta və əmək münasibətlərinə nəzarət idarəsinin rəisi Nigar Vahabzadə bildirib.

Onun sözlərinə görə, həmin maddəyə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə, işəgötürənə hər bir belə şəxs üzrə təqvim ili ərzində bu cür hallara birinci dəfə yol verdikdə 2 min manat, ikinci dəfə yol verdikdə 4 min manat, üç və daha çox dəfə yol verdikdə isə 6 min manat məbləğində maliyyə sanksiyası tətbiq olunur: “Vergi orqanları tərəfindən keçirilmiş operativ nəzarət tədbirləri nəticəsində 2021-ci ildə əmək müqaviləsiz işə cəlb olunmuş 6329, 2022-ci ilin 4 ayı ərzində isə 1557 şəxs aşkar edilib. Əgər yoxlama zamanı əmək müqaviləsi bildirişi olmadan xeyli sayda, yəni 10 nəfər və ondan çox işçinin əməyə cəlb edilməsi aşkara çıxarılarsa, bu zaman işəgötürənə Cinayət Məcəlləsinin 162-1-ci maddəsinə uyğun olaraq, 7 min manatdan 10 min manatadək məbləğdə cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Əgər vergiödəyicisi eyni əməlləri təkrar törədərsə, bu zaman üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırma tətbiq olunur”.

Bununla bağlı daha bir vacib məqama toxunan Dövlət Vergi Xidmətinin rəsmisi vurğulayıb ki, yalnız bir dəfə Cinayət Məcəlləsi üzrə tələbləri pozan şəxs Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada işçiləri ilə əmək müqaviləsi bağladıqda, habelə yayındırılmış vergiləri, işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarını tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.