İQTİSADİYYAT
Vergi orqanları nəzarət tədbirlərinin həyata keçirilməsində qabaqcıl təcrübələrə üstünlük verir
Bakı, 27 sentyabr, AZƏRTAC
Vergi orqanları tərəfindən nəzarət tədbirlərinin həyata keçirilməsində beynəlxalq modullardan və qabaqcıl təcrübələrdən yararlanmağa üstünlük verilir. Dövlət Vergi Xidmətinin (DVX) Beynəlxalq vergitutma və vergi monitorinqi Baş İdarəsi çirkli pulların yuyulmasına qarşı mübarizə sahəsində öz səlahiyyətləri çərçivəsində müvafiq monitorinqləri və digər aidiyyəti tədbirləri həyata keçirir.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, bu sahədə Maliyyə Monitorinqi Xidməti ilə sıx əməkdaşlıq mövcuddur. Güzəştli vergi tutulan ölkələr və ərazilər üzrə DVX tərəfindən mütəmadi qaydada müvafiq təhlillər aparılır və həmin ölkələrin və ərazilərin siyahı üzrə yenilənməsi ilə bağlı təkliflər verilir.
Ölkəmizdə vergiödəyiciləri tərəfindən könüllü qaydada açıqlanan və nəzarət edilən əməliyyatların məbləği il ərzində 2 milyard manatdan çox olur. Buna görə də hər il transfer qiymətləndirmə ilə bağlı vergi nəzarəti tədbirlərinin aparılması üçün müvafiq risk meyarları əsasında yüksək, orta və aşağı riskli vergiödəyiciləri müəyyənləşdirilir.
Vergi qanunvericiliyində “riskli vergi ödəyicisi” anlayışının müəyyən edilməsi və onlara qarşı müvafiq məhdudlaşdırmalar əmtəəsiz aparılan əməliyyatlar üzərində nəzarəti gücləndirib.