İQTİSADİYYAT
Vergi orqanlarının sahibkarlığa dəstək sahəsində əməkdaşlığına dair müzakirələr aparılıb
Bakı, 8 iyun, AZƏRTAC
Dövlət Vergi Xidmətinin Tədris Mərkəzində Mərkəzi Aparatın əməkdaşlarının iştirakı ilə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) biznes mühitinin inkişafı üzrə meneceri Elsəvər Quliyevlə görüş keçirilib.
Dövlət Vergi Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə agentliklə dövlət vergi orqanları arasında sahibkarlığa dəstək sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
Tədris Mərkəzinin rəisi vəzifəsini icra edən Mirəli Kazımov işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə dəstək layihələrinin əhəmiyyətini vurğulayaraq, rəhbərlik etdiyi qurumun ümumi fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.
E.Quliyev, öz növbəsində, dövlət orqanları ilə sıx əlaqələrin qurulmasının vacibliyini, ölkədə sahibkarlığın inkişafına dəstək layihələrinin həyata keçirilməsində birgə əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətindən söz açıb.
Görüşdə, həmçinin vergi orqanları tərəfindən beynəlxalq təcrübənin öyrənilməsi və elmi araşdırmaların aparılması istiqamətində USAID ilə Tədris Mərkəzinin əməkdaşlıq istiqamətləri və digər maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.