İQTİSADİYYAT
Vergi qanunvericiliyinə edilmiş dəyişikliklərin praktiki tətbiqinə dair seminar keçiriləcək
Bakı, 17 aprel, AZƏRTAC
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşəbbüsü və "Deloitte Azərbaycan" şirkətinin dəstəyi ilə mayın 7-də Bakıda "Vergi qanunvericiliyinə edilmiş dəyişikliklərin praktiki tətbiqi" mövzusunda seminar təşkil olunacaq.
ASK-dan AZƏRTAC-a bildirilib ki, seminarda "Vergi Məcəlləsinə daxil edilmiş yeni anlayışlar", "Artırılmış maliyyə sanksiyaları. Nağd pul vəsaitlərinin dövriyyəsi ilə bağlı gözlənilən tələblər", "Elektron qaimə fakturanın tətbiqi ilə bağlı praktiki çətinliklər", "Maliyyə məlumatlarının beynəlxalq mübadiləsini nəzərdə tutan sazişlərin tətbiqi ilə bağlı yeniliklər", "Neft-qaz və dövlət sektorunun müəyyən edilməsi ilə bağlı yeniliklər və praktiki çətinliklər", "Həyat yığım sığorta məhsulu üzrə vergidən azadolmanın tətbiqi", "Gəlir vergisi ilə bağlı yeni azadolma və güzəştlər", "Borclanma ilə bağlı məhdudiyyətlər", "ƏDV-dən yeni azadolmalar", "Vergi inzibatçılığı və vergi nəzarəti sahəsində yeniliklər" mövzularında müzakirələr aparılacaq.