İQTİSADİYYAT


Vergi sahəsində aktual məsələlərə dair fikir mübadiləsi aparılıb

Bakı, 16 iyun, AZƏRTAC

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən iqtisadiyyatın sahələri üzrə sahibkarların vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı sahəsində qarşılaşdıqları çətinliklərin öyrənilməsi və onların aradan qaldırılması məqsədilə biznes assosiasiyaları ilə görüşlərin keçirilməsi və birgə əməkdaşlıq istiqamətində işlər davam etdirilir.

Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, növbəti belə görüş Azərbaycan Banklar Assosiasiyasının və DVX-nin aidiyyəti strukturlarının nümayəndələrinin iştirakı ilə onlayn formatda təşkil edilib.

Vergi Siyasəti Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən görüşdə kredit təşkilatlarının fəaliyyətində bazar qiymətlərinin tətbiqi, qiymətli kağızlar bazarının inkişafı, bank hesablarının açılması və hesablara sərəncamların qoyulması ilə bağlı vergi qanunvericiliyinin tələbləri, ikiqat vergitutmanın aradan qaldırılması ilə bağlı inzibatçılığın təkmilləşdirilməsi, Dövlət Vergi Xidməti ilə banklar arasında onlayn bankinq və elektron qaimə-fakturaların inteqrasiyası ilə bağlı API sisteminin tətbiq edilməsi kimi vacib məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirdə çıxış edən Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev qeyd edib ki, DVX-də assosiasiyalarla iş aparan yeni bir strukturun yaradılması, birliklərin və assosiasiyaların müraciətlərinə operativ və vaxtında reaksiya verilməsi təqdirə layiqdir.

Onun sözlərinə görə, vergi qanunvericiliyinin təkmilləşdirilməsi, nəzarət olunanlarla nəzarət edənlər arasında əməkdaşlıq formatında münasibətlərin qurulması və inkişaf etdirilməsi məqsədilə keçirilən bu cür görüşlər öz töhfəsini verəcək.

Z.Nuriyev bankların balansa götürülmüş əmlaklarının satışının ƏDV-dən azad edilməsi ilə əlaqədar qanun layihəsinə göstərilən dəstəyə görə DVX nümayəndələrinə təşəkkürünü bildirib və bunun indiki halda banklar üçün əhəmiyyətli bir məsələ olduğunu söyləyib.

DVX-nin Vergi Siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov “Azərbaycan 2030 - Milli Prioritetlər”ə uyğun olaraq yaradılan işçi qrupların fəaliyyətindən söz açaraq, əsas məqsədin dayanıqlı inkişaf və artan rəqabətli biznes mühitinin yaradılması üçün vergi yükünün optimallaşdırılması, inzibatçılığın təkmilləşdirilməsi olduğunu vurğulayıb.

İdarə rəisi sahibkarların ictimai təşkilatlar və biznes assosiasiyaları ilə əməkdaşlığının davam etdiriləcəyini vurğulayıb.

Görüşdə, həmçinin bank sektorunun inkişafını təşviq edə biləcək təkliflər ətrafında müzakirələr aparılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.