İQTİSADİYYAT
Vergi yoxlaması vergiödəyicisinin fəaliyyətinin hansı dövrünü əhatə edə bilər?
Bakı, 1 avqust, AZƏRTAC
Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, Vergi Məcəlləsinin 2022-ci il yanvarın 1-dən qüvvəyə minmiş müddəalarına əsasən, vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergiödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar.
Bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak, yol və torpaq vergiləri üzrə vergiödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergiödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər.
Vergi yoxlaması keçirildikdə, vergi orqanının vergiödəyicisinin üçüncü şəxslərlə əlaqədar fəaliyyəti barədə vergi yoxlamasının predmetinə aid olan məlumat alması üçün sənədlərlə təsdiq edilmiş zərurət yarandığı halda, vergi orqanı həmin şəxslərdən yoxlanılan vergiödəyicisinin fəaliyyətinə aid olan sənədlər ala bilər. Bu hərəkətlər üçün vergi orqanının əsaslandırılmış qərarı olmalıdır.
Bu zaman tələb yönəldilən üçüncü şəxs və ya onun səlahiyyətli nümayəndəsi müvafiq sənədləri və ya məlumatları təsdiq edərək, tələbnaməni aldığı gündən 10 iş günü müddətində vergi orqanına təqdim etməyə borcludur.