İQTİSADİYYAT
Vergi yoxlamasında zəruri sənədlər hansı müddətə təqdim olunmalıdır?
Bakı, 7 iyul, AZƏRTAC
Səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi Vergi Məcəlləsinin 38.1-ci maddəsinə uyğun olaraq vergiödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergiödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, Vergi Məcəlləsinin 2022-ci il yanvarın 1-dən qüvvəyə minmiş müddəalarına əsasən, sənədlərin və ya elektron faylların verilməsi barəsində tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 15 iş günü müddətində vergi orqanına təqdim etməlidir.
Vergiödəyicisi tərəfindən vergilərin hesablanmasına təsir edən və yoxlama dövründə təqdim edilən sənədlərdən fərqli sənədlər əlavə vergi yoxlamasının təyin edildiyi tarixdən 30 iş günü müddətində təqdim olunmalıdır.
Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı sənədlərin və ya elektron faylların verilməsi barədə tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 1 iş günü ərzində təqdim etməlidir. Sənədlərin lazımi qaydada təsdiq edilmiş surətləri təqdim olunur.
Həmçinin səyyar vergi yoxlaması üçün zəruri olan vergi orqanı tərəfindən tələb edilən sənədlərin və ya elektron faylların vergiödəyicisi tərəfindən vergi orqanına verilməsindən imtina edilməsi və ya bu Məcəllənin 42.1-ci maddəsində göstərilən müddətdə təqdim edilməməsi qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.
Sənədlərin və ya elektron faylların təqdim edilməsindən imtina edildikdə, səyyar vergi yoxlamasını həyata keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş qaydada sənədlərin götürülməsini həyata keçirə bilər.