İQTİSADİYYAT


Vergilər Nazirliyi: İslahatlar nəticəsində sahibkarların əmək münasibətlərini rəsmiləşdirməyə marağı artacaq

Bakı, 1 noyabr, Ramiz Quliyev, AZƏRTAC

Ayrı-ayrı sahələrin inkişafı üçün tətbiq olunan vergi güzəştlərinin əhəmiyyəti danılmazdır, lakin istehsalçılarda gəlir və xərclərin uçotunun olmadığı bir şəraitdə bu, məhsulları satış məqsədləri üçün əldə edən üçüncü şəxslərin vergidən yayınmalarına əlavə imkanlar açır.

Bu barədə Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən AZƏRTAC-ın vergiödəyicilərinin uçot sisteminin yenidən qurulmasının vergi daxilolmalarına təsiri barədə sorğusuna cavab olaraq bildirilib.

Qeyd edək ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında vergilər sahəsində uçot sisteminin yaradılmasının prioritet məsələlərdən biri olduğunu qeyd edib: “Mən əvvəlki illərdə də bu məsələni dəfələrlə qoymuşdum. Ancaq əfsuslar olsun ki, biz müəyyən səbəblərə görə uçot sisteminin yaradılmasına çata bilməmişik. İndi bu sistem yaradılır. Qeyri-rəsmi məşğulluğun aradan qaldırılması üçün də praktiki addımlar atılır. Hesab edirəm ki, biz doqquz ayda vergilərin bu səviyyədə toplanmasına, - nəzərə alsaq ki, əvvəlki illərdə bu sahədə çox böyük pozuntular olub, - vergi orqanlarının çox fəal və məqsədyönlü fəaliyyəti nəticəsində nail ola bilmişik”.

Nazirlikdən bildiriblər ki, uzun müddət formalaşmış vergi ödəmə vərdişlərinin dəyişdirilməsi çətin, lakin həllini tələb edən prosesdir. Vergi administrasiyası bu istiqamətdə öz fəaliyyətinin vergi mühitinin şəffaf, bərabər, hamı üçün eyni və əvvəlcədən təxmin edilən prinsiplər əsasında qurulmasını davam etdirəcək.

Sadələşdirilmiş verginin əhatə dairəsinin hər il genişləndirilməsinin təhlili nəticəsində müəyyən edilib ki, verilən bu dəstəkdən sui-istifadə hallarının sayı artır. Kifayət qədər dövriyyəyə malik, böyük əməliyyatlar aparan bir sıra iri vergiödəyiciləri tərəfindən dövriyyələrin “parçalanması”, müxtəlif yollarla sadələşdirilmiş vergitutma rejimində qalmaqla vergidən yayınmaq üçün cəhdlər edilir.

Qarşıdakı dövrdə aparılacaq islahatlar nəticəsində qeyri-rəsmi məşğulluğun səviyyəsi azalacaq və sahibkarların əmək münasibətlərini rəsmiləşdirməyə iqtisadi marağı artacaq. Bu proses iqtisadi artıma da öz müsbət təsirini göstərəcək.

Vergi sahəsində aparılan islahatlar, biznes mühitinin cəlbediciliyinin artırılması üçün həyata keçirilən tədbirlər, informasiya texnologiyalarına əsaslanan vergi inzibatçılığının formalaşdırılması sahibkarlığın inkişafına, ölkəmizin tərəqqisi naminə biznes və vergi orqanlarının səmərəli əməkdaşlığına öz töhfəsini verəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.