İQTİSADİYYAT
Vergilər Nazirliyində qərəzsiz və dəqiq təhlil-qeydiyyat sistemlərinin tətbiqi istiqamətində işlərə başlanılıb
Bakı, 10 oktyabr, AZƏRTAC
Vergilər Nazirliyi vergiödəyiciləri ilə münasibətdə insan faktorunun rolunu minimuma endirmək məqsədilə, vergi nəzarəti proseslərinin avtomatlaşdırılmasına çalışır. Blokçeyn texnologiyası əsasında qurulmuş həllər daxil olmaqla, qərəzsiz və dəqiq təhlil-qeydiyyat sistemlərinin tətbiqi istiqamətində işlərə başlanılıb.
AZƏRTAC xəbər verir ki, bunu vergilər naziri Mikayıl Cabbarov Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.
O, eyni zamanda vergiödəyicilərinin fəaliyyətinin risk modulları üzərindən təhlil olunması, vergidən yayınma hallarının müasir texnologiyalara əsaslanaraq aşkar edilməsi, vergi nəzarəti metodlarının təhlil olunmuş məlumatlar əsasında seçilməsi ilə auditin real funksiyalarının bərpası istiqamətində işlərin gücləndirildiyini vurğulayıb.
M.Cabbarov aparılan islahatların daha bir mühüm qolunun vergi qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı olduğunu söyləyib.
Həmçinin diqqətə çatdırılıb ki, cari il ərzində sahibkarların ictimai təşkilatlar və konsaltinq şirkətləri ilə görüşlərdə sahibkarları narahat edən məsələlər, onların öz fəaliyyətlərini daha da genişləndirmək üçün maraqlandıran təşviqedici mexanizmlər müzakirə edilib.