İQTİSADİYYAT
Vergilər Nazirliyinin Tədris Mərkəzi ilə Elektron Hökumət Təlim-Tədris Mərkəzi arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Bakı, 11 avqust, AZƏRTAC
Vergilər Nazirliyinin Tədris Mərkəzi ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) tabeliyində olan Elektron Hökumət Təlim-Tədris Mərkəzi arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
RYTN-dən AZƏRTAC-a verilən məlumata görə, müqavilə iki qurum arasında təlim sahəsində qarşılıqlı tərəfdaşlığı və gələcək perspektivlərin müəyyənləşdirilməsini əhatə edir. Vergilər Tədris Mərkəzinin Şamaxı şəhərində yerləşən inzibati binasında baş tutan imzalama mərasimində Vergilər Nazirliyinin Tədris Mərkəzinin rəisi Əli Həsənov və Elektron Hökumət Təlim-Tədris Mərkəzinin direktor vəzifəsini icra edən Rauf Cabbarov iştirak ediblər.
Müqavilə tərəflər arasında əsas fəaliyyət istiqamətləri üzrə birgə təlim, seminar və digər tədbirlərin keçirilməsi, mütəxəssislərin mübadiləsi, elmi-tədqiqat işlərinin aparılması, metodiki dəstək və digər sahələr üzrə qarşılıqlı əməkdaşlıq əlaqələrinin yaradılması və inkişafı məqsədilə imzalanıb.
Tərəflər əsas fəaliyyət sahələri üzrə elmi və metodiki əməkdaşlığın əsasını qoymaq, vergi qanunvericiliyi və digər vergi məsələləri, informasiya-kommunikasiya texnologiyaları, eləcə də “Elektron hökumət”, elektron idarəçilik, elektron dövlət xidmətləri və sahibkarlığın inkişafı mövzularında vergiödəyiciləri arasında maarifləndirmə işini təşkil etmək, birgə tədbirlər, təlim və seminarlar keçirməyi qərara alıblar.