İQTİSADİYYAT
Vergilər Nazirliyinin daha bir elektron resursu istifadəyə verilib
Bakı, 11 iyul, AZƏRTAC
Vergilər Nazirliyinin rəsmi internet səhifəsində elektron kassaların istifadəsi ilə bağlı yeni bölmə yaradılıb.
Nazirliyin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, "E-kassa tətbiqi" adlanan bölmədən e-kassa operatorları üçün portala daxil olmaq mümkündür. Elektron kassa aparatlarının əldə olunması və istifadəsinə dair bütün məlumatlar “e-kassa.gov.az” səhifəsində yerləşdirilib.
E-kassa səhifəsindəki ilk bölmə bu sahə ilə bağlı qanunvericilik bazasıdır. Burada kassaların tətbiqi ilə bağlı qanun və qərarlar yer alıb. E-kassa haqqında bölmədə isə ümumi məlumatlarla yanaşı, onların növləri, tərkibi, istifadə xüsusiyyətləri və üstünlükləri barədə ətraflı informasiya təqdim olunub.
İstifadəçilər üçün nəzərdə tutulan bölmədə e-kassanın əldə edilməsi qaydaları, istismarı və əvəzləşdirilməsi şərtləri, eləcə də operatorlara texniki dəstək üsulları yer alıb. Səhifədə e-kassaların reyestri və modernləşdirilə bilən kassaların siyahısı üçün ayrıca bölmə yaradılıb. Digər bölmədə isə e-kassa operatorlarına dair tələblər, onların hüquq və vəzifələri verilib. Saytda e-kassalarla bağlı suallara cavab almaq mümkündür.