İQTİSADİYYAT
Vergiödəmə mədəniyyətinin təmin edilməsi sahəsində ciddi addımlar atılacaq
Bakı, 5 iyul, AZƏRTAC
Vergilər Nazirliyi tərəfindən vergiödəyicilərində mühasibat uçotunun düzgün aparılmasının bərpası və vergiödəmə mədəniyyətinin təmin edilməsi sahəsində ciddi addımların atılması nəzərdə tutulur.
Nazirliyin Media və Kommunikasiya Mərkəzindən AZƏRTAC-a bildirilib ki, bu barədə Vergilər Nazirliyinin İqtisadi təhlil və ekspertiza Departamentinin baş direktorunun müavini Elçin Ağakişiyev bildirib.
Onun sözlərinə görə, sahibkarlıq subyektlərində uçot və hesabatlılığın qaydaya salınması təkcə vergi ödəmələri üçün deyil, ümumilikdə idarəedici qərarlar üçün də vacibdir: “Vergilər Nazirliyi vergiödəyiciləri ilə əməkdaşlığı elə qurmaq niyyətindədir ki, sahibkarlar şəffaf fəaliyyət göstərməyin iqtisadi cəhətdən səmərəli, əlverişli və sərfəli olduğunu başa düşsünlər”.
E.Ağakişiyev, həmçinin qeyd edib ki, nağdsız ödəmələrin inkişaf etdirilməsi üçün isə maliyyə-sənaye qrupları ilə işlərin genişləndirilməsi planlaşdırılır. Bu baxımdan, banklar, prosesinq şirkətləri ilə əməkdaşlıq genişləndiriləcəkdir.
Diqqətə çatdırılıb ki, nağdsız ödəmələr sahəsində son istifadəçi kartdan istifadəyə həvəsləndirilməlidir. Bu həm dövriyyələrin artması baxımından banklar üçün, həm də leqallaşma baxımından dövlət üçün səmərəlidir. Vergilər Nazirliyi vergidən yayınmaların azaldılması, nağdsız ödəmələrin tətbiqi əhatəsinin genişlənməsi üçün müvafiq addımlar atacaq.