İQTİSADİYYAT
Vergiödəyiciləri vergi qanunvericiliyi ilə bağlı məlumatlandırılıblar
Bakı, 3 iyul, AZƏRTAC
Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentində yeni qeydiyyatdan keçmiş (vergi uçotuna alınmış), fəaliyyəti bərpa olunmuş, vergilər üzrə tədiyə növlərində dəyişiklik baş vermiş vergiödəyiciləri ilə görüşlər keçirilib.
Nazirliyin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, vergiödəyicilərinə vergitutma məqsədləri üçün uçotun aparılması, mükəlləfiyyətlər üzrə bəyannamələrin təqdim olunması, vergi öhdəlikləri və onların qanunla müəyyən edilmiş müddətlərdə yerinə yetirilməsi barədə məlumat verilib, "Nağdsız hesablaşmalar haqqında" Qanunun və "Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları"nın tələbləri izah olunub.
Görüşlərdə əvvəlki hesabat dövrləri ərzində müvafiq bəyannamələri təqdim etməyən, gecikmə ilə və ya eyni uyğunsuzluqları yenidən təkrarlamaqla təqdim edən vergiödəyiciləri də iştirak ediblər. Onlara bəyannamələrin təqdim olunması və vergilərin vaxtında hesablanması üzrə vergiödəyicilərinin vəzifələri, bu vəzifələrin yerinə yetirilməyəcəyi təqdirdə, vergiödəyicilərinə tətbiq edilən məsuliyyət tədbirləri barədə məlumat verilib.
İnteraktiv şəkildə keçən tədbirlər zamanı müvafiq strukturların vəzifəli şəxsləri vergiödəyicilərini maraqlandıran sualları cavablandırıblar.